Elxan Şahinoğlu: Ermənistan özünü tələyə salıb və indi çətin vəziyyətdədir ÖZƏL-MÜNASİBƏT

8 Aprel 2020 12:28 (UTC+04:00)

Ermənistan İsrail-Azərbaycan əməkdaşlığından xeyli dərəcədə narahatdır. Bunu SİA-ya müsahibəsində siyasi analitik, “Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu deyib.

Onun sözlərinə görə, Ermənistan ondan narahatdır ki, Azərbaycan İsraildən müasir silahlar alır və həmin silahlar aprel savaşında da müsbət tərəfdən özünü göstərib və ona görə də ermənilər hər zaman İsraildən narazı idilər.
“Ermənilər düşünürdü ki, əgər onlar İsraildə Azərbaycandan əvvəl səfirlik açsalar həm münasibətləri inkişaf etdirə bilərlər, həm də İsrail-Azərbaycan əməkdaşlığına zərbə vura bilərlər. Ona görə qərara gəldilər ki, səfirlik açılması məsələsində tələssinlər. Amma bunu edərkən İranın reaksiyasını sonadək nəzərə almadılar ki, Ermənistan İrandan asılı bir dövlətdir. Özləri də hər dəfə deyirdilər ki, İranla sərhədd açıq olmasaydı iqtisadi cəhətdən tamamilə çökərdilər Azərbaycanın qarşısında. Onlar İranla tərəfdaşlığa çox böyük üstünlük verirdilər. Paşinyan özü də baş nazir seçiləndə öz çıxışında və müxtəlif dövlətlərlə əməkdaşlıq haqqında danışanda İranın adını daha çox çəkmişdi. Amma indi görürük ki, İsraildə səfirlik açmaq istəyi İranda ciddi və özü də mənfi reaksiyaya səbəb olub. Hətta dünən mən oxudum ki, Ərdəbilin çox məşhur bir İmam Cüməsi var Amuli, o özü də çox sərt şəkildə Ermənistanı tənqid edib. Hətta aşağılayıb da. Ona görə də indi Ermənistanın iki yolu var ki, ikisi də çox mürəkkəb yoldur. Ermənistan ya İranın tənqidlərinə rağmən İsraildə səfirlik açacaq və İranla münasibətləri xeyli korlayacaq, ya da əksinə, İranın sərt reaksiyalarını nəzərə alaraq, İsraildə səfirlik açmayacaq ki, bu da İsraillə yeni başlayan təmaslara zərbə vuracaq. Yəni, belə deyək ki, Ermənistan özünü tələyə salıb. Hər iki yoldan biri onlar üçün düzgün yol deyil və Ermənistan üçün çətin vəziyyət deməkdir. Amma Ermənistan iki yoldan birini seçməlidir. Səfirlik açanda İranla, açmayanda İsraillə problem yaşamalı olacaq. Səfirlik açmayacağı təqdirdə İsrail özü də haqlı olaraq deyəcək ki, bu həngamə nəyə lazım idi və sonda da İrandan, İsrailin düşmənindən qorxaraq Ermənistan səfirlik açmadı”, deyə Elxan Şahinoğlu bildirib.