"Humanist addımlardan sui-istifadə olunmamalıdır" ÖZƏL - AÇIQLAMA

8 Aprel 2020 12:02 (UTC+04:00)

"Bu cür humanist baxışlardan və atılan humanist addımlardan sui-istifadə olunmamalıdır". Bu sözləri SİA-ya açıqlamasında Milli Məclisin Aqrar siyasət komitəsinin üzvü Aydın Hüseynov Prezident İlham Əliyevin imzaladığı Əfv Sərəncamının humanizm dəyərlərinə söykəndiyindən danışarkən deyib.

A.Hüseynov bildirib ki, bu Sərəncam bir daha ölkə Prezidenti İlham Əliyevin humanist siyasət yürütdüyünü göstərir və Prezidentin Azərbaycan vətəndaşlarının hər birini azadlıqda görmə istəyindən irəli gələn addımlardan biridir: "Prezident İlham Əliyev bu kimi addımları tez-tez atır. Ümumiyyətlə, ölkə başçısının ən başlıca ali məqsədi Azərbaycan vətəndaşlarının sosial rifahının yüksəldilməsidir. Onların sağlamlıqlarının qorunmasıdır. Vətəndaşların öz ailələri ilə firəvan həyat sürməsidir. Cinayət törətmiş bir çox insanların əfv olunması da onu göstərir ki, Prezident İlham Əliyev bir daha cəmiyyətə yanaşmada humanist mövqeyindən çıxış edir. Bununla belə hər bir vətəndaş, eyni zamanda vaxtilə cinayət törətmiş şəxs ölkə Prezidentinin bu addımlarını düzgün dəyərləndirməlidir. Öz ailələrinə qovuşublarsa, günahlarını etiraf etməklə yanaşı, sonrakı dövrlərdə də qanuna riayət etməlidirlər. Qanunun tələblərinə əməl etməlidirlər. Bu cür humanist baxışlardan və atılan humanist addımlardan sui-istifadə olunmamalıdır".

Millət vəkili əlavə edib ki, bu kimi addımlar cəmiyyətdə insanları daha çox biri-birinə yaxınlaşdırır və həmrəylik yaradır: "Bu kimi münasibətlər cəmiyyətdə daha xoş əhval-ruhiyyə yaradır. Prezident İlham Əliyevin bu addımı təqdirəlayiqdir və birbaşa ölkə rəhbərinin Azərbaycan vətəndaşını azad, firəvan, sağlam, gümrah və sosial rifahının yüksək şəkildə olmasını görmək istəyindən dolayı həyata keçirdiyi siyasətin nümunəsidir".