“Dua edək” ŞEİR

8 Aprel 2020 14:45 (UTC+04:00)

Bakı şəhər Mədəniyyət Baş İdarəsi Yasamal rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin (MKS) “Kitabxana – koronavirusa YOX deyir!” layihəsi çərçivəsində “Yazıçı və şairlər koronavirusla mübarizə edir” aksiyasına qoşulan sair və yazəçılar öz yeni yazdığı əsərlərini təqdim etməkdə davam edir. SİA-nın məlumatına görə, kitabxana bu qorxunc virusa qalib gəlmək, yoluxma riskini azaltmaq üçün Umumdunya Səhiyyə Təşkilatının (ÜST) #Evdəqal çağrışına dəstək olaraq oxuculara evdə qalmağı tövsiyə edərək, virtual xidmət edir.

Bu dəfə Azərbaycan Yazışılar və Jurnalistlər Birliklərinin üzvü, Azərbaycan Respublikasının əməkdar mədəniyyət işçisi, “Fəxri mədəniyyət işçisi” döş nişanına, “XXI əsrin tanınmış ziyalısı” beynəlxalq diploma, “Vətən”, “Məhsəti” mükafatlarına layiq görülmüş, 11 bədii-publisistik kitabın, 100-dən artıq elmi-publisistik məqalənin müəllifi, 9 biblioqrafik məlumat kitabının tərtibçisi, onlarla kitabın redaktoru Xuraman İsmayılova aksiyaya qoşularaq “Dua edək” şerini təqdim etmişdir. Şeri oxuculara təqdim edilir.

Dua edək

Heç bir gözlə görülməyən,

Əllə tutula bilməyən,

Kiçicik bir nöqtə qədər

Bəla gəldi Yer üzünə.

Silkələdi, alt-üst etdi millətlərin həyatını,

Buxovladı dünyamızın ömr atını.

Pozdu bəşər övladının növrağını, büsatını.

Düşündükmü, nədən oldu?

Axı, bütün bəlaların özəyini, özülünü

İnsan oğlu əllərilə özü qoyur.

Görən hansı xətamızın bəlasıdır çəkdiyimiz?

Ey amirlər, əmr edənlər!

Yer üzünə, bu dünyaya sahib olmaq istəyənlər

Bir düşünün, bir daşının,

Nöqtə boyda bir virusa əlac tapa bilmirsiniz.

İnsanlığı məhv eyləyən silahları yaradanlar.

Bir silah da indi tapın,

Bəşəri bu bəlalardan xilas edin!

Bəlkə Tanrı qəzəbidir gəldiyimiz?

Bəlkə Tanrı görk eyləyir.

Bizə deyir görün, baxın,

İddiası böyük olan, mənəm-mənəm deyənlərə,

Bir nöqtənin qarşısında acizcə baş əyənlərə.

Gəlin, tövbələr eyləyək,

Tanrımızdan əfv diləyək,

Səhər-axşam dua edək:

Ey dünyanın, Yer üzünün tək memarı Ulu Tanrım!

Bu bəlanın əlacını göndər bizə!

Bu müşkülün, bu sualın,

Bu sınağın, imtahanın

Cavabını göndər bizə!

Sənə açılan əllərin, dua eyləyən dillərin

Muradını göndər bizə!

Ey Allahım, gözəl Rəbbim!

Qəbul eylə duamızı,

Savabını göndər bizə!