Karantin vaxtı pişiyini gəzintiyə çıxaran cərimələndi

7 Aprel 2020 17:51 (UTC+04:00)

Fransanın cənubundakı Qar departamentinin sakini, ölkədə tətbiq olunan karantini qeyri-adi bir şəkildə pozub. Bu sakin pişiklə gəzməyə çıxıb və karantini pozduğu üçün cərimələnib. SİA xarici mətbuata istinadən xəbər verir ki, bu barədə “20 Minutes” məlumat yayıb.

Məlumatda bildirilir ki, Fransa hazırda koronavirus pandemiyası səbəbindən ciddi məhdudiyyətlər altındadır. Martın 17-dən etibarən ölkə hakimiyyəti sakinlərin hərəkətini məhdudlaşdırıb. Qanun pozanlarına görə insanlar cərimə ilə üzləşirlər.
Qar şəhərindəki asayiş keşikçiləri dronlardan istifadə edirlər. Asayiş keşikçiləri dronlardan istifadə etməklə həmin karantin rejimini pozan şəxsi aşkar edib.
"Pilotsuz təyyarənin köməyi ilə bir nəfərin pişiyi ilə gəzintiyə çıxdığı müəyyən edildi", deyə nəşr qeyd edib.
Qeyd edək ki, pişik ilə gəzinti, sahibinə 135 avro məbləğində cərimə bahasına başa gəlib.