"Qondarma "seçkilər"in tanınmaması dövlət siyasətimizin qələbəsidir" ÖZƏL-MÜNASİBƏT

7 Aprel 2020 15:58 (UTC+04:00)

Əlbəttə ki, qondarma Qarabağ Respublikasında seçkilərinin keçirilməsinin, eləcə də seçkilərin nəticələrinin dünyanın əksər ölkələri tərfindən tanınmaması yaxşı haldır. Bunu SİA-ya müsahibəsində Milli Məclisin deputatı Tahir Rzayev deyib.

Millət vəkili qeyd edib ki, bunun başlıca səbəblərindən biri də dünyada artıq belə respublikaların, belə qondarma qurumların yaradılmasına göstərilən meyildir və bu meyildən həmin ölkələrin çox çiddi çətinliklər çəkməsidir: “Artıq beynəlxalq aləm, beynəlxalq təşkilatlar hərəkətə keçiblər və bunalar dəfələrlə ölkələrin ərazi bütövlüyü, ölkələrin suverenliyi barəsində səsləndirilən fikirlərə tərəfdar çıxırlar və dövlətlərin sərhədləri çərçivəsində belə halların baş verməsini mənfi hal kimi qiymətləndirirlər. Sözsüz ki, dünyada baş verən proseslər bu münasibətlərin yaxşılaşması üçün eləcə də qondarma respublikaların təcrid olunması üçün vacib şərtlərdən biridir. Yada salın, uzun müddət ki, İspaniyada belə hadisələr baş verib, barselonanın ayrılması ilə əlaqədar təkliflər var. Ancaq dünya ictimaiyyəti buna qarşı çıxdı. Eləcə də İspaniyanın özündə buna qarşı çox ciddi tədbirlər həyata keçirildi. Digər tərəfdən Rusiyanın özündə belə meyillər müşahidə olunmaqdadır. Müəyyən vilayətlərin ayrılması, müəyyən respublikaların, muxtar respublikaların yaranması meyilləri var. Ona görə də, Beynəlxalq Hüquq Normalarına zidd olan belə halların qarşısı mütləq alınmalıdır. Çünki, artıq Beynəlxalq Millətlər Təşkilatı ölkələrin sərhəddlərini tanıyır və bu sərhədlər çərçivəsində bu ölkələrin suverenliyini dəstyəkləyir və bu çərçivə daxilində bu ölkələrlə münasibətlər möhkəmləndirilir.
Sözsüz ki, həm də beynəlxalq aləm yaxşı bilir ki, Qarabağ Torpaqları erməni separatçıları tərəfindən, Ermənistan silahlı qüvvələri tərfindən işğal olunmuş bir ərazidir. Burada heç də ermənilərin suverenliyindən, onların respublika yaratmasından söhbət gemir. Bu ərazilərin Ermənistana birləşdirilməsindən söhbət gedir. Artıq dünya ayılıb və bunu görür. Bununla əlaqədar əldə də ciddi faktlar var. Çünki, Qarabağın tarixi əldədir, Qarabağ torpaqlarının tarixi haqda dünya ictimaiyyətində geniş məlumatlar var. Digər tərəfdən son dövrlər bu sahədə həyata keçirilən çox mühüm tədbirlər, aparılan təbliğat işləri, keçirilən bir çox beynəlxalq konfranslar, müşavirələr, yığıncaqlar əsas verir ki, Qarabağ haqqında, Qarabağ torpaqları haqqında, qondarma erməni respublikası haqqında dünya ictimaiyyəti öz sözünü deyə bilsin. Çünki, ermənilər tarixən Azərbaycan torpaqlarında məskunlaşıblar, Azərbaycan torpaqlarında özlərinə respublika yaradıblar və ikinci bir respublikanın Azərbaycan ərazisində yaradılması mümkün deyil. Dövlətimizin rəhbəri də dəfələrlə bu barədə nəinki yerli mətbuatda, eləcə də beynəlxalq təşkilatlarda çox kəskin çıxışlar edib və qəti fikrini söyləyib ki, heç vaxt Qarabağ torpaqları ermənilərə verilə bilməz və torpaqlarda ikinci bir erməni dövləti yaradıla bilməz. Əlbəttə ki, bu, bizim dövlətimizin apardığı siyasətin nəticəsi və qələbəsidir. Digər tərəfdən beynəlxalq hüquq normalarının ələ alınmasıdır, dünya ictimaiyyətinin bu məsələ ilə əlaqədar məlumatlandırılmasıdır. Azərbaycan siyasətinin bu bir növ qələbəsi hesab oluna bilər. Çünki, bu barədə əvvəllər çox müxtəlif fikirlər var idi, bir çox dövlətlər buna öz münasibətlərini bildirmirdilər. Ancaq ən mötəbər beynəlxalq təşkilatlar artıq Azərbaycan həqiqətlərini dərk edir, Azərbaycanın ərazi bütövlüyünü təsdiqləyir və qondarma respublikada quraşdırılmış bu seçkilərin nəticəsini tanımır. Bu əlbəttə ki, bizim üçün çox vacib amildir və gələcəkdə Qarabağ məsələsinin həllində çox mühüm rol oynayır. Ona görə ki, dünya ictimaiyyəti, dünya əgər bu respublikanı tanımırsa, deməli bu respublikanın varlığından, onun dünya arenasına çıxmasından, özünü tanıtdırmasından söhbət gedə bilməz”.