190 manat birdəfəlik ödəməni necə əldə edə bilərsiz? ÖZƏL - AÇIQLAMA

7 Aprel 2020 15:16 (UTC+04:00)

"Əgər, işsiz kimi rəsmən qeydiyyatdan keçiblərsə müavinət ala bilərlər. İndidən sonra qeydiyyatdan keçsələr onlara iş təklifi edilməlidir. Əgər, iş təklifi olunmasa müavinət verilməlidir". Bu sözləri SİA-ya açıqlamasında iqtisadi məsələlər üzrə ekspert Natiq Cəfərli Nazirlər Kabineti tərəfindən təsdiq edilmiş Tətbirlər Planında işsiz kimi qeydiyyata alınan şəxslərə aprel-may aylarında hər ay üçün yaşayış minimumu həcmində 190 manat birdəfəlik ödəmə edilməsi və 2020-ci il ərzində pandemiyadan zərər çəkmiş sahələrdə çalışan muzdlu işçilərin əməkhaqqının müəyyən hissəsinin ödənilməsi üçün 300 min nəfərə 215 milyon manat həcmində kompensasiya verilməsini nəzərdə tutan qərarları şərh edərkən deyib.

O bildirib ki, muzdlu işçi qeydiyyatdan keçən, vergisini verən və rəsmi şəkildə qeydiyyata alınmış müqavilələr əsasında çalışan işçidir. O əlavə edib ki, digər tərəfdən günəmuzd çalışan işçilər də var hansı ki, onların əməkhaqqıları gün hesabı ilə ödənilir: "Günəmuzd işçi yəni, onların heç bir qeydiyyatı yoxdur. Onların sayı daha çoxdur. Hələ ki, günəmuzd işçilər üçün xüsusi kömək də yoxdur. Onlar işsiz kimi qeydiyyatdan keçməlidirlər ki, müavinət alsınlar. Təbii ki, burada da bir fərq var. Bu müavinətlərlə maksimum 200 min insana yardım nəzərdə tutulub".

Günəmuzd işçilər işsiz kimi 190 manat maddi dəstəkdən yaranlana bilərlərmi sualına cavab olaraq ekspert əgər, işsiz kimi rəsmən qeydiyyatdan keçiblərsə ala bilərlər deyərək cavab verib. Bundan sonra qeydiyyatdan keçəcək olanlarla bağlı isə iqtisadçı məsələyə belə aydınlıq gətirib:

"İndidən sonra qeydiyyatdan keçsələr onlara iş təklifi edilməlidir. Əgər iş təklif olunmasa müavinət verilməlidir. Yəni prosedur belədir ki, qeydiyyatdan keçənlərlə Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinin qurumları iş təklifi etməlidirlər. Əgər iş təklifindən imtina edilsə və ya iş təklifi olmasa müavinət verilməsi qərara bağlanır".

Əlavə edək ki, pandemiyadan zərər çəkmiş sahələrdə çalışan muzdlu işçilərə 215 milyon manat həcmində kompensasiya verilməsi ilə bağlı İqtisadiyyat Nazirliyinin yaydığı məlumatda, işəgötürənlərin İnternet Vergi İdarəsində (www.e-taxes.gov.az) mövcud elektron kabinetləri vasitəsilə təqdim etdikləri müraciətlər əsasında onun işçilərinə ödənilməli olan əməkhaqqının müəyyən hissəsi işəgötürənlərin bank hesablarına göçürüləcəyi və işəgötürənlər işçilərin əməkhaqqılarını ödəyə biləcəkləri qeyd olunub.

Həmçinin, işsiz kimi qeydiyyata alınan şəxslərin aprel-may aylarında 190 manat həcmində birdəfəlik ödəmələrin verilməsi ilə bağlı Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi tərəfindən verilən məlumatda, qeydiyyata alınmaq üçün "www.e-sosial.az" portalına daxil olaraq "e-xidmətlər" bölməsindən müvafiq xidmətləri seçmək tövsiyə edilib.