"Mədəniyyət /Culture" jurnalının 2020-ci ildə ilk nömrəsi

7 Aprel 2020 16:43 (UTC+04:00)

Mədəniyyət Nazirliyinin təsisçiliyi ilə nəşr olunan elmi-metodiki, publisistik jurnal yeni- “Mədəniyyət/Culture” adı ilə nəşr olunub. SİA-nın məlumatına görə, görünüş və məzmunu ilə fərqlənən jurnal 2020-ci ilin ilk nömrəsi kimi bu ilin ilk böyük mədəniyyət hadisəsi- “Bakı-Moskva: mədəniyyətlərin dialoqu” kollajı ilə açılır. Burada dialoq çərçivəsində baş tutmuş konfrans və dəyirmi masa, eləcə də əslən bakılı, tanınmış Rusiya jurnalisti Mixail Qusmanın 70 illik yubileyi ilə bağlı fotoreportaj yer alıb.

Filologiya elmləri doktoru Abid Tahirlinin yazısında görkəmli Azərbaycan ziyalısı və ictimai-siyasi xadimi Əhməd bəy Ağaoğlunun epistolyar irsinə işıq salınır. Tanınmış teatrşünas və tənqidçi Aydın Talıbzadənin “Mən… bir heç…” essesi “Yuğ” teatrında istedadlı rejissor Mehriban Ələkbərzadənin quruluş verdiyi İmadəddin Nəsiminin 650 illiyinə həsr olunan tamaşa haqqındadır.

Jurnalın “Yaşayan yaddaş” adlı qoşa səhifəsində Bakı, 20 Yanvar 1990 və Xocalı, 26 fevral 1992-ci il faciələri faktiki materialla yada salınır.

“Mədəniyyət/Culture” jurnalının növbəti məqalələri repressiya qurbanı Məmməd Kazım Ələkbərliyə və Həmidə Rüstəmovanın müşahidəsində kədərə gülmək qədər çətin işin ustadı, şair-dramaturq Rüfət Əhmədzadəyə həsr olunub.

Musiqi bölümü məşhur tarzən Əhsən Dadaşov barəsində yazılmış yeni kitab haqqında yazı və dünyasını vaxtsız dəyişən, amma xatirələrdə istedadlı, yenilikçi musiqiçi və gözəl insan kimi yaşayan Cahangir Qarayev haqqında tanınmış musiqişünas Raya Abbasovanın peşəkar yazısı ilə zəngindir.

Jurnalın “Teatr” bölümü oxuculara unudulmaz aktyor və qiraətçi Səməndər Rzayev haqqında Qurban Məmmədovun xatirə-yazısı və Kukla Teatrının fəaliyyəti ilə bağlı Samirə Behbudqızının reportajı ilə qarşınızdadır.

“Həmkarlarımız” rubrikasında məsləyi anları yaşatmaq olan fotomüxbirlərə üz tutulub.

“Sənətdə yaşayan qəhrəmanlıq” yazısında əfsanəvi Azərbaycan general Həzi Aslanovun həyat və döyüş yoluna Şövkət Səlimov nəzər salır.

“Mədəni irsimiz” rubrikasında Fəxriyyə Abdullayeva yenə doğma Şuşamızı anır!

Jurnalın “Elm” rubrikasında isə “Sevil” operasının melo-harmonik dili”, “Firəngiz Əlizadənin yaradıcılığında oratoriya janrı”, “Dekorativ-tətbiqi sənət növləri milli-mədəni dəyərlər nümunəsi kimi”, “Qarabağ xalçalarında insan təsvirləri”, “Milli rəqs sənəti” və bir sıra digər maraqlı tədqiqatlarla tanış olmaq mümkündür.

Elmi yazılarla zəngin olan jurnal hər zamankı kimi Ali Attestasiya Komissiyasının reyestrində yer alan nəşr olaraq qalmaqdadır.