Belələrinə erməni çörəyi daha şirindir TƏRS BAXIŞ

7 Aprel 2020 12:26 (UTC+04:00)

Yaxud, milli həmrəylikdən qaçan satqınlar!

Sevinc Osmanqızının və onun daimi söz giriftarına çevrilmiş AXCP sədri Əli Kərimlinin yetənə yetib, yetməyənə daş atmaq şakərləri çoxuna bəllidir. Xüsusilə, nökərçilik etdikləri ermənipərəst təşkilatların əmrlərinə müntəzir dayanan bu kimi ürəkbulandırıcı ünsürlərin demək olar ki, günaşırı şəkildə havaya söz buraxmaları bir atalar sözünü xatırladır – milçək iyrənc deyil, könül bulandırır...

Məsələ isə ondadır ki, koronavirus pandemiyası ilə əlaqədar Azərbaycanda karantin rejimi elan olunandan Yeni Azərbaycan Partiyası (YAP) bir sıra dəstək kampaniyalarını həyata keçirməklə, insanların sağlamlıqlarının, eləcə də yaşlı nəslin nümayəndələrinin, habelə sosial vəziyyətləri qənaətbəxş olmayan insanların yardımında dayanıb. Belə bir humanizm aksiyalarında gənclərin fəallıqları isə, sözün əsl mənasında ürəkləri fərəhləndirir. Ümumiyyətlə, ümummilli məsələyə çevrilən bu kimi aksiyalar eyni zamanda həmrəyliyin bariz göstəricisi olaraq qiymətləndirilməkdədir. Yüzlərlə ailələrə yardımlar edən fəallar və könüllülər əsasən, yaşları 65 və ondan yuxarı olan tənhaların, ahılların, aztəminatlı və köməyə ehtiyacı olan ailələrin xidmətindədirlər və bu gün də həmin kampaniya uğurla davam etdirilməkdədir.

“Millət”, “dövlət” deyə bağırıb, sözün həqiqi mənasında boğazlarını ağrıdanlardan ümumiyyətlə, səs-səmir gəlmədi

Bu barədə daha öncəki yazılarımızda qeyd etmişdik ki, ölkə başçısının çağırışından sonra, istər fərdi olaraq, istərsə də cəm şəkildə - sahibkarlar, şirkətlər, ictimai birliklər, hətta ayrı-ayrı vətəndaşlar koronavirusla mübarizə fonduna əllərindən gələn maddi yardımlarını əsirgəməyiblər. Bu, milli birliyin, həmrəylinin real göstəricisi və mövcudluğu deməkdir.

Lakin zaman-zaman “millət”, “dövlət” deyə bağırıb, sözün həqiqi mənasında boğazlarını ağrıdanlardan ümumiyyətlə, səs-səmir gəlmədi. AXCP sədri Əli Kərimli, Müsavat başqanı Arif Hacılı, “REAL” partiyasının sədri İlqar Məmmədov və başqaları necə deyərlər, bircə manatlarından belə keçməyərək, dar gündə əsl “simalarını” növbəti dəfə aşkara çıxardılar. Bunun yerinə isə, utanmadan-qızarmadan dövlətin və hakim partiyanın dəstək kampaniyalarına zəhərli dillərini uzatdılar. Bu zaman sual yaranır ki, yaxşı, xalqın belə bir günündə yaxanızı çəkib-qoymusunuz bir kənara, bəs nə üçün bu məsələdə dəstək dayananlara qarşı çıxıb, siyasi həyasızlıq nümayiş etdirirsiniz? Əslində bu sualın cavabı da elə özündədir – siyasi həyasızlıq!

Onlar xalqa xidməti təhqir etməkdə görürlər...

Başqa tərəfdən, bəs onların başçılıq etdikləri dərnəklərin gəncləri haradadırlar? Yoxsa, onlar ancaq sosial şəbəkələrdə trolluq etmək üçün lazımdır? Yaxud, onlar xalqa xidməti təhqir etməkdə görürlər?

Sevinc Osmanqızına gəlincə isə, bu gün o yenə də ABŞ-da oturub erməni çörəyi yeyir və çox yəqin ki, efirinə çıxan Əli Kərimliyə və “Milli Şura”nın digər səlahiyyətlilərinə də bir-iki tikə həmin kafir çörəyindən yedirdir. Sonrası isə məlumdur...

Osmanqızıya gəlincə, o bir reallığı dərk etməlidir ki, YAP-ın xalq, dövlət, millət naminə həyata keçirdiyi xeyriyyə tədbirlərinə ləkə gətirmək əvəzinə, pambıq bəylərindən - cəbhəçilərdən, müsavatçılardan, realçılardan, milli şuraçılardan danışsa və nəyə görə özüqarışıq həmrəylik kapmaniyasında iştirak etməmələri barədə danışsa daha yaxşı olar...

Rövşən RƏSULOV