Qarabağdakı saxta “seçkilər” dünya tərəfindən tanımır ANALİTİK

7 Aprel 2020 11:25 (UTC+04:00)

“Seçkilər”ə münasibətlə dünya ictimaiyyəti bir daha rəsmi Yerevana “qırmızı kart” göstərərək işğalın və onun nəticələrinin heç bir zaman qəbul edilməyəcəyi mesajını göndərmiş oldu

Məlum olduğu kimi, işğal altındakı ərazilərimizdə "prezident" və "parlament" seçkilərinin keçirilməsi - xüsusilə, koronavirus təhlükəsi dünyanı öz cənginə aldığı bir vaxtda qondarma "DQR"də belə bir saxta tədbirin keçirilməsi dünya tərəfindən tanınmadı və nəticələri rədd edildi. Əslində, bu gözlənilən idi və söz yox ki, işğalçılıəq siyasətinə söykənən bu mənfur addım bilavasitə Ermənistan rəhbərliyinin növbəti oyunbazlığı idi. Bu kimi oyunbazlıqlar isə, yeniləşən beynəlxalq siyasi aləmdə artıq qəbul olunmur. Əbəs deyil ki, işğal olunmuş ərazilərimizdə keçirilmiş qondarma “seçkilərdən” də dərhal sonra onun qondarma nəticələri beynəlxalq ictimaiyyət tərəfindən birmənalı olaraq rədd edildi və ölkəmizin suverenliyi, o cümlədən ərazi bütövlüyünə dəstək göstərildi.

Türkiyədən tutmuş uzaq Kanada və Avstraliyaya qədər, Türk Şurasından tutmuş NATO-ya qədər dünya ictimaiyyətinin rəyi yekdil və birmənalıdır!

Daha dəqiq desək, əvvəlki illərdən fərqli olaraq müxtəlif ölkələr və beynəlxalq təşkilatlar tərəfindən verilmiş bəyanatların sayı daha da artdı, eyni zamanda həm də ölkələrin və beynəlxalq təşkilatların mövqeyi açıq bəyanat formasında ifadə edildi ki, bu da işğalçıları sözün əls mənasında dalana dirəyərək fiaskoya uğratdı. Belə ki, “seçkilər”ə dair münasibət Türkiyə, Ukrayna, Gürcüstan, Bosniya və Herseqovina, Moldova, Kanada, Avstraliya, Qoşulmama Hərəkatı, Türk Şurası, Türk Parlament Assambleyası, İslam Əməkdaşlıq Təşkilatı, Demokratiya və İqtisadi İnkişaf Təşkilatı-GUAM, ATƏT-in Minsk Qrupunun həmsədrləri, ATƏT Parlament Assambleyası, Avropa İttifaqı, NATO, Çex Respublikası, Estoniya, Latviya, Litva, Rumıniya, Bolqarıstan, Finlandiya, Almaniya, İtaliya, Monteneqro, Böyük Britaniya, Belçika, İsveç, Xorvatiya, İran və digərləri tərəfindən sərt bəyanatlarla ifadə ediildi. Beləliklə, həmin siyahıdan da məlum olur ki, Türkiyədən tutmuş uzaq Kanada və Avstraliyaya qədər, Türk Şurasından tutmuş NATO-ya qədər dünya ictimaiyyətinin rəyi yekdil və birmənalıdır!

Qeyd edək ki, sözügedən bəyanatlarda Azərbaycanın işğal olunmuş Dağlıq Qarabağ regionunda keçirilmiş qondarma “seçkilər” tanınmır və qeyri-qanuni hesab olunur. Həmçinin, qondarma “seçkilər”in keçirildiyi konstitusional və hüquqi çərçivə tanınmır və beləliklə “seçkilər” heç bir hüquqi qüvvəyə malik deyildir.

Münaqişənin BMT-nin Təhlükəsizlik Şurasının məlum qətnamələri əsasında həllinə dəstək ifadə olunur

Digər tərəfdən, xüsusilə vurğulandı ki, qondarma “seçkilər”in nəticələri davam edən danışıqlar prosesini və bölgənin statusunu əvvəlcədən müəyyənləşdirmir. Yəni Ermənistanın işğalçılıq siyasəti pislənilir və Azərbaycan Respublikasının beynəlxalq səviyyədə tanınmış ərazi bütövlüyünə və suverenliyinə dəstək ifadə olunur. Habelə, münaqişənin BMT-nin Təhlükəsizlik Şurasının məlum qətnamələri əsasında həllinə dəstək ifadə olunur. Buna misal kimi daha bir mühüm amilə diqqət yetirə bilərik. Məsələ ondadır ki, burada xüsusilə tərkibində Avropa, Asiya, Afrika, Latın Amerikası, Okeaniyadan 120 dövləti birləşdirən və BMT-dən sonra ikinci ən böyük siyasi təsisat sayılan Qoşulmama Hərəkatının yaydığı kommünikeni qeyd etmək olar. Belə ki, Qoşulmama Hərəkatı yuxarıda göstərilən mesajlardan əlavə, ərazilərin güc yolu ilə qəsb edilməsinin yolverilməz olduğunu və Azərbaycan ərazilərinin işğalı nəticəsində yaranmış vəziyyətin heç bir ölkə tərəfindən tanınmayacağını vurğulayıb.

Azərbaycanın işğal olunmuş ərazilərində seçkilər yalnız Azərbaycan Respublikasının Konstitusiyası çərçivəsində keçirilə bilər

Bu məsələyə daha dəqiq prizmadan yanaşaq. Belə ki, bəyanatlarda yer alan “Seçkilər”in konstitusional və hüquqi çərçivəsi tanınmır” ifadəsi ilə beynəlxalq ictimaiyyətin verdiyi mesaj ondan ibarətdir ki, Azərbaycanın işğal olunmuş ərazilərində seçkilər yalnız Azərbaycan Respublikasının Konstitusiyası çərçivəsində keçirilə bilər.

Bundan başqa, digər müxtəlif ölkələrdən olan deputatlar da daxil olmaqla, ayrı-ayrı şəxslər tərəfindən verilmiş açıqlamalarda bütün dünyanın hazırda koronavirus pandemiyası ilə üzbəüz qaldığı bir vaxtda “seçkilər”in keçirilməsi həm də məsuliyyətsiz addım kimi dəyərləndirilib.

Beləliklə, “seçkilər”ə münasibətlə dünya ictimaiyyəti bir daha rəsmi Yerevana “qırmızı kart” göstərərək işğalın və onun nəticələrinin heç bir zaman qəbul edilməyəcəyi mesajını göndərmiş oldu. Bununla dünya həm də bir daha göstərdi ki, Qarabağ Azərbaycandır!

Bütün bu kimi faktlar isə sübut edir ki, işğalçı Ermənistan “seçki”, “demokratiya” kimi perspektivsiz şoularını bir tərəfə qoyub səmimi və ciddi şəkildə sülh danışıqlarında iştirak etməli və öz qoşunlarını Azərbaycan Respublikasının işğal olunmuş ərazilərindən çıxarmalıdır. Münaqişə yalnız Azərbaycanın beynəlxalq səviyyədə tanınmış sərhədləri çərçivəsində ərazi bütovlüyünün tam olaraq bərpa olunması ilə həll oluna bilər.

Rövşən RƏSULOV