Koronavirusa yoluxan 2 tibb işçisi müalicə olunaraq işlərinə qayıdıblar -Türkiyədə

7 Aprel 2020 11:13 (UTC+04:00)

Rizədə yeni tip koronavirus infeksiyasının müalicəsi zamanı virusa yoluxan 2 tibb işçisi müalicə olunduqdan sonra alqışlarla xəstəxanadakı işlərinə geri qayıdıblar. SİA-nın məlumatına görə, Rəcəb Tayyib Ərdoğan Universiteti Təhsil və Araşdırma Xəstəxanasının reanimasiya şöbəsinin tibb işçisi 43 yaşlı Əhməd Uysal və infeksiya şöbəsinin tibb bacısı 35 yaşlı Dərya Yazıçı təxminən 15 gün əvvəl işlədikləri xəstəxanada Covid-19 xəstəliyinin əlamətlərinin aşkar edilməsiylə əlaqədar müayinə ediliblər.

Müayinə zamanı analiz nəticələri pozitiv çıxan tibb işçiləri çalışdıqları xəstəxanada müalicə olunub. Təxminən 10 günlük müalicə aldıqdan sonra sağlamlıqlarına qovuşan Uysal və Yazıçı fədakarlıq nümunəsi göstərərək yenidən xəstəxanadakı işlərinə geri qayıdıblar. Tibb işçiləri xəstəxanadakı işlərinə qayıtdıqları ilk gün yoldaşları tərəfindən alqışlarla qarşılanıblar.

Tibb bacısı Dərya Yazıçı 10 gün əvvəl verdiyi analiz nəticəsinin müsbət olduğunu öyrəndiyini ifadə edərək, "Təbii olaraq əvvəlcə hər kəs kimi bir panika yaşadım və qorxdum. Sonra isə müalicəmə dərhal başlanıldı və qısa müddətdə sağlamlığıma qovuşdum. İndi özümü çox yaxşı hiss edirəm. Hər bir kəsə bu prosesin ümid olmasını istəyirəm. Lütfən qorxmayın və cəsur olun", - deyə bildirib.

Tibb işçisi Əhməd Uysal da əvvəl panika yaşadığını, xəstəxanadakı müalicə müddətini tamamladıqdan sonra özünü karantinə aldığını dilə gətirib: "İndi çox yaxşıyam və sağlamam. Dəstək olan hər kəsə çox təşəkkür edirəm", - deyib.