"Evdə qal" və muzeylərə səyahət et

7 Aprel 2020 09:18 (UTC+04:00)

Mədəniyyət Nazirliyi və Azərbaycan Respublikasının Gənclər Fondu ölkədə tətbiq edilən xüsusi karantin rejimi ilə əlaqədar vətəndaşların evdə qalarkən vaxtlarının daha faydalı təşkili məqsədilə növbəti maraqlı layihəyə start veriblər. Gənclər Fondundan SİA-ya bildiriblər ki, "Evdə qal və evdə öyrən" çağırışı ilə Bakıda yerləşən muzey və sərgi komplekslərinə virtual səyahət formatında olan bu layihə vətəndaşların evdə qalarkən vaxtlarını daha səmərəli və maraqlı keçirməsini, ölkəmizin tarixi, mədəniyyəti və incəsənəti ilə daha yaxından tanış olmasını ehtiva edir.

Təşəbbüs çərçivəsində ilk virtual tur Heydər Əliyev Mərkəzində yerləşən muzeyə təşkil edilib.

Virtual tur zamanı seyrçilərə xalqımızın ümummilli lideri Heydər Əliyevin həyatı və fəaliyyətini əks etdirən və dövlətçilik tariximizin mühüm nümunələri olan eksponatlar, videomateriallar, fotoşəkillər və sənədlər nümayiş etdirilib.

Azərbaycanın bir sıra aparıcı muzeylərini əhatə edəcək layihə vətəndaşların və xüsusilə də gənclərin mənəvi cəhətdən zənginləşməsinə, fərdi inkişafına və biliklərini artırmasına xidmət edəcək.