İran parlamentinin deputatı Həsən Novruzinin sözləri Ukrayna hökuməti tərəfindən birmənalı qarşılanmayıb, buna görə də rəsmi Kiyev Tehrandan buna aydınlıq gətirilməsini istəyib.
SİA “RİA Novosti”yə istinadən xəbər verir ki, bunu Ukraynanın Baş Nazirinin müavini Vadim Pristayko bildirib.
Qeyd edək ki, bir neçə gün öncə Novruzi "İran hərbçiləri Ukraynaya məxsus “Boeing 737-800” təyyarəsinin vurulması zamanı “öz öhdəliklərini yaxşı yerinə yetiriblər” - ifadəsini işlədib.
Bildirilir ki, İran parlamentinin deputatı, eləcə də qanunvericilik və hüquq məsələləri üzrə komissiyanın üzvü Həsən Novruzi Tehran üzərində təyyarənin vurulmasından sonra təqsirkarların həbs edilməsini mənasız addım adlandırıb və əlavə edib ki, iranlı hərbçilər “yaxşı nəticə” əldə ediblər.