“Barselona”, “Real” və "Atletiko"nun sabiq baş məşqçisi öldü

6 Aprel 2020 22:39 (UTC+04:00)

"Real", "Atletiko" və "Barselona"nın sabiq baş məşqçisi Radomir Antiç 71 yaşında dünyasını dəyişib.

SİA xəbər verir ki, bu barədə "Atletiko"nun mətbuat xidməti məlumat yayıb. Onun ölüm səbəbi açıqlanmayıb.

Qeyd edək ki, serb mütəxəssis 1991-1992-ci illərdə "Real", 1995-2000-ci illərdə üç dönəm "Atletiko"nu və 2002/03 mövsümündə qısa bir müddət "Barselona"nı çalışdırıb. O, 1995/96 mövsümündə "Atletiko" ilə həm La Liqa, həm Kral kubokunu qazanıb.

2008-2010-cu illər aralığında Serbiya yığmasını çalışdıran Antiç, karyerasının son illərində Çində işləyib. O, bu ölkənin “Şandonq Lunenq” və “Hebey Çina Fortune” klublarına rəhbərlik edib.

Futbolçu karyerası ərzində daha çox “Partizan”ın şərəfini qorumuş Antiç, Türkiyənin “Fənərbaxça”, İspaniyanın “Saraqosa”, İngiltərənin “Luton Taun” klublarında da legioner həyatı yaşayıb.