Kukla Teatrı da işini karantin qaydalarına uyğun qurub

6 Aprel 2020 17:40 (UTC+04:00)

Koronovirus pandemiyası ilə bağlı ölkənin bütün teatr-konsert müəssisələri kimi Abdulla Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrı da işini karantin qaydalarına uyğun şəkildə quraraq tamaşaçılarına evdə qalmaqla tamaşa izləmək imkanı yaradıb. Teatrın mətbuat xidmətindən SİA-ya bildirilib ki, sənət ocağının sosial şəbəkə ünvanları, eləcə də "YouTube" kanalında bir neçə populyar tamaşa yerləşdirilib. Əlavə olaraq “evdə qal” çağırışına qoşulan sevilən kuklaçı aktyorlar balaca tamaşaçılarına evdə qalmaq və bununla özünü qorumağın mümkünlüyü barədə çağırışlar edirlər.

Təbii ki, uşaqların diqqətini cəlb etmək üçün müxtəlif məşhur kukla obrazları və personajların geyimi, kuklaları və səsləndirmələrində videoçarxlar hazırlayan aktyorlar ölkə miqyaslı çağırışa özünəməxsus dəstək olmağa çalışırlar.

Daha çox sosial şəbəkə hesablarından canlı yayımlar edən aktyorlar dünya və xalq ədəbiyyatından nümunələr, nağıllar, pyeslər səsləndirir, tamaşalardan səhnəciklər də göstərirlər.

Teatrın nəzdində fəaliyyət göstərən “Oyuq” teatr-studiyası da sosial izolyasiya çağırışlarına balaca aktyorların dilindən qoşulur və həvəskar aktyorlar böyüklərə müraciətlər edərək sosial təcridə səsləyirlər.

Onu da qeyd edək ki, teatrın bir neçə tamaşası “Bizi birləşdirən mədəniyyət” layihəsi çərçivəsində bu həftədən etibarən “Mədəniyyət” kanalında da nümayiş etdiriləcək.