Evdə qalmaq niyə bu qədər vacibdir? ŞƏRH-ÖZƏL

6 Aprel 2020 15:36 (UTC+04:00)

"Bu gün bütün dünyada, o cümlədən də Azərbaycanda koronavirus COVİD-19 infeksiyasının yayılmasına yol verməməyin, xəstəliyə yoluxmamağın ən etibarlı yolu evdə qalmaqdır. Məlumdur ki, ÜST-ün tövsiyələrinə uyğun olaraq evdə qalmaq, izolyasiya, şəxsi gigiyena bu bəladan qorunmağın əsas yoludur. Artıq insanlarımızın böyük əksəriyyəti evdədir. Dünyanın əsas və aparıcı televiziya kanallarına nəzər saldıqda evdə qal haştaqına ekranın hər hansı bir küncündə rast gəlmək olar. Bütün dünyanda ən tanınmış şəxslər vətəndaşların küçəyə çıxmaması üçün çağırışlar edirlər, müxtəlif fləşmoblar təşkil olunur". Bu fikirləri SİA-ya açıqlamasında Sosial Tədqiqatlar Mərkəzinin Daxili siyasətin təhlili departamentinin baş məsləhətçisi, politoloq İlyas Hüseynov deyib.

Bəs evdə qalmaq niyə bu qədər vacibdir?

Politoloq söyləyib ki, çünki evdə qalmaqla insanlar həm özlərini, həm də ailə üzvlərini qorumaqla yanaşı, həm özləri infeksiyaya yoluxmur və digərləri üçün təhlükə yaratmırlar: "İnfeksiya yaşı 65-dən yuxarı olan şəxslər üçün daha çox təhlükəli olduğuna, onların həyatına ciddi risk yaratdığına görə, həmin kateqoriyaya aid olan şəxslər qaydalara birmənalı şəkildə qeyd olunan qaydalara əməl etməli və evdən çölə çıxmamalıdır. Bu virusa yalnız evdə qalmaqla qalib gəlməyin mümkün olduğunu vətəndaşlarımız unutmamalıdır. Vətəndaşlarımız özləri sosial şəbəkələr vasitəsilə evdə qalmağın mühüm əhəmiyyətini təbliğ etməli, qohumlarını, qonşularını, tanıdıqları hər bir şəxsi xüsusi karantin rejiminin tələblərinə riayət etməyə çağırmalıdırlar. Bununla da hər bir şəxs bu ciddi problemin öhdəsindən gəlməyə öz töhfəsini vermiş olacaq".

İ. Hüseynov vurğulayıb ki, evdən çölə çıxmamaq və evdə qalmaq nə qədər çox təbliğ olunsa, bir o qədər tez bir zamanda istənilən nəticəyə çatmaq mümkün olar: "Hər bir şəxs məsuliyyətlə davranmalı, qəbul edilmiş qaydaları pozmamalıdır. Tətbiq olunmuş qadağalar yoluxma hallarını məhdudlaşdırmaq məqsədi daşıyır. Təəssüf hissi ilə qeyd etmək lazımdır ki, regionlarda koronavirusa qarşı mübarizə tədbirlərinə laqeyd yanaşılır və həmrəylik müşahidə olunmur. Bu virusu ciddiyə almayan insanlar evlərindən çıxırlar. COVİD-19 virusunun ciddiliyinə barmaqarası baxan ölkələrin təcrübəsi göstərdi ki, 65 yaşdan yuxarı insanlar bu xəstəliyə daha tez yoluxur və proses arzuolunmaz şəkildə, ağrılı nəticələr verir. Ancaq buna baxmayaraq, bəzi ahıl yaşına çatan vətəndaşlarımız evdə oturmaq istəmirlər. Bu insanlar fərdi məsuliyyəti dərk etməli, ailələri isə bu işdə onlara təzyiq göstərməlidir".

O bildirib ki, Nazirlər Kabineti yanında yaradılan Operativ Qərargahın son məlumatında evdən çıxmaq üçün vətəndaşların SMS vasitəsilə məlumat verməsi qeyd olunur: "Bu önəmli qərar qəbul edildikdən sonra insanların küçəyə çıxması ilə bağlı hiss olunacaq dərəcədə fərq müşahidə edilir. Məsuliyyətsiz davranan, qaydaları pozan insanlar məsuliyyətə cəlb edilir, onlara İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq protokollar tərtib edilir. Bəzi ölkələrdən fərqli olaraq, Azərbaycanda polis əməkdaşları səbr və təmkinlə insanlara qaydaları çatdırır, onları başa salmağa çalışır, maarifləndirmə işləri aparırlar. Hal-hazırda polisin üzərinə böyük yük, böyük məsuliyyət düşür. Onlar da öz sağlamlıqlarını risk altına atır, gecə-gündüz çalışır, izahat işləri aparırlar. Bizim mentalitetimizə görə, böyüklərə hörmət olunur, onlarla sərt danışılmır. Polislərimiz də bunu etmir, çox böyük nəzakət və qayğı ilə vətəndaşlarla ünsiyyət qururlar".

Politoloq hesab edir ki, məsuliyyətsiz davranan, qaydaları pozan insanlar məsuliyyətə cəlb edilməlidir. Məsuliyyət hissi bu gün nümayiş etdirilən həmrəylik və birlik hissləri ilə eynilik təşkil etməlidir: "Təhlükə və riskin artıq qapımıza qədər gəlib çıxdığına ciddi şəkildə nəzərə almaq lazımdır. “Evdə qal” tələbinə riayət olunmalı, məsələnin ciddiliyinə məsuliyyətlə yanaşılmalıdır. Bu virusun qarşısında ən güclü səhiyyə sistemi olan dövlətlər də aciz qalır. Koronavirusdan zərər çəkən ölkələrin acı taleyini yaşamamaq üçün hər birimizdən daha da ehtiyatlı olmaq, özümüzü və yaxınlarımızı qorumaq tələb olunur. Prezident İlham Əliyevin irəli sürdüyü “Biz birlikdə güclüyük” şüarı vətəndaşlarımız üçün əsas hərəkətverici motivasiya və prioritet təşkil etməlidir".