"Operativ Qərargahın fəaliyyəti yüksək səviyyədədir" ÖZƏL-MÖVQE

6 Aprel 2020 14:24 (UTC+04:00)

"Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Operativ Qərargah indiki mərhələyə qədər bütün fəaliyyətini həm şəffaf şəkildə qurub, həm də operativ fəaliyyət göstərməkdədir. Yəni ölkədə vəziyyətin nəzarət altına alınması, xüsusilə də insanların yoluxmasının sürətlənməsinin qarşısının alınması, testlərin aparılması, özəlliklə də əhalinin ərzaqla təmin edilməsi kimi məsələlərin həllində hələki qüsurlara rast gəlmirik". Bunu SİA-ya siyasi şərhçi Azər Həsrət deyib.

"Təbiidir ki, bütün bunların bu cür baş tutması üçün Operativ Qərargahın fəaliyyətinin yüksək səviyyədə olduğunu deyə bilərik. Onlar həqiqətən də yorulmadan çalışırlar, eyni zamanda ictimaiyyətlə əlaqələrini də çox yüksək səviyyədə qurublar. Nazirlər Kabinetinin mətbuat xidmətinin rəhbəri İbrahim Məmmədov həm əlçatanlığı ilə, həm də baş verənlərlə bağlı məlumatlandırmadakı peşəkarlığı ilə diqqət cəlb etməkdədir. Yəni faktiki olaraq elə bir informasiya yoxdur ki, İbrahim Məmmədov onu hər kəsin anlayacağı izahlı şəkildə diqqətimizə çatdırmasın. Biri var işi görmək, biri də var ki, o iş haqqında məlumatların çatdırılması. Operativ Qərargah işi həqiqətən də keyfiyyətli görür, eyni zamanda da bu işlər haqqında məlumatı cəmiyyətə çatdırmağa borclu olan İbrahim Məmmədov da keyfiyyətli şəkildə öz işini həyata keçirir. Düşünürəm ki, indiki mərhələdə hay-küyün yaranmaması, əhalidə ruh düşkünlüyünün yaranmamasının da əsas səbəbi elə məhz buna bağlıdır"-deyə, A.Həsrət fikrini tamamlayıb.