"Təhlükədən az zərərlə çıxmaq üçün üzərimizə düşən işi yerinə yetirməliyik" AÇIQLAMA-ÖZƏL

6 Aprel 2020 13:52 (UTC+04:00)

"Bu gün bütün dünya ölkələri kimi Azərbaycan da koronavirusdan əziyyət çəkən dövlətlər sırasındadır. Lakin digərlərindən fərqli olaraq ölkəmizdə vaxtında görülən tədbirlər, atılan addımlar nəticəsində vəziyyət digərləri ilə müqayisədə qat-qat yaxşıdır". Bu fikirləri SİA-ya açıqlamasında Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədr müavini, polkovnik Cəlil Xəlilov deyib.

O bildirib ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən qəbul edilən qərarlar, verilən tapşırıq və tövsiyələrin məqsədi ölkəmizin bu bəladan daha az itki ilə çıxmasıdır: "Azərbaycan bir çox məsələlərlə bağlı əksər ölkələrdən daha çevik qərarlar qəbul edir, önləyici tədbirlər həyata keçirir, həmçinin bu prosesdə insan hüquq və azadlıqlarının qorunmasını da təmin etməyi bacarır".

C. Xəlilov söyləyib ki, Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı da Ölkə başçısı İlham Əliyevin çağırışı, eləcə də Nazirlər Kabineti yanında Operativ Qərargahın qəbul etdiyi qərarlara əməl etməklə yanaşı, cəmiyyəti, veteranları, gəncləri. ümumilikdə bütün ictimaiyyəti qaydalara riayət etməyə çağırır.

Ölkəmizdə pandemiya ilə mübarizədə dövlət qurumlarının tam məsuliyyətlə çalışdığını deyən polkovnik vurğulayıb ki, tibb işçiləri, polislər və bütövlükdə bu prosesdə iştirak edən bütün dövlət qurumları öz vəzifələrinin öhdəsindən layiqincə gəlirlər: "Azərbaycan veteranları da ölkəmizdə bu istiqamətdə görülən işlərə qoşulur, bu işlərə öz töhfəsini verməyə çalışır. İnanıram ki, Azərbaycan xalqı qəbul edilən qərarlara hörmətlə yanaşacaq, hər kəs öz üzərinə düşən məsuliyyəti yerinə yetirəcək. Bununla biz həm ailələrimizi, həm övladlarımızı, həm də ümumilikdə xalqımızı bəladan xilas edə bilərik".

Təşkilat rəsmisi qeyd edib ki, bəzi şəxslərin məsələyə inanmaması, məsuliyyətsiz yanaşması təəssüfedicidir: "Çünki koronavirus bəlasından təkcə Azərbaycan deyil, bütün dünya əziyyət çəkir. Hər gün vəziyyətin nə qədər ciddiləşdiyinin şahidi oluruq. Bu gün bütün dünyanın aparıcı mütəxəssisləri, alimləri, həkimləri insitutları COVİD-19-la bağlı araşdırma aparır, onunla mübarizə yollarını axtarır, vaksinləri təcrübədən keçirirlər. Bütün bunlar təhlükənin olduğunu göstərir. Ölkəmizin bu təhlükədən az zərərlə çıxması üçün biz üzərimizə düşən işi, vəzifəni layiqincə yerinə yetirməliyik".