İnsanları bərabərləşdirən xoşbəxtlikdir, yoxsa bədbəxtlik?

6 Aprel 2020 14:10 (UTC+04:00)

Məşhur rus yazıçısı Lev Tolstoyun maraqlı bir fikri var: “Bütün xoşbəxt ailələr bir-birlərinə bənzəyirlər, hər bədbəxt ailənin isə özünə xas bir bədbəxtliyi vardır”. Bəli, xoşbəxtlik hər yerdə eyni mahiyyətdədir: can sağlığı, uğur, gözəl ailə, gözəl ətraf, gözəl yaşayış və ürəyimizdən (və xəyallarımızdan!) xoş şəkildə keçə bilən daha nələr... Amma bədbəxtliklər? Həqiqətən də, görkəmli yazıçının dediyi kimi, hər bir ailənin, bir qədər də geniş mənada desək, hər bir toplumun, millətin, dövlətin taleyində özünəxas bədbəxtliklər var. Ancaq ilk dəfə olaraq, L.Tolstoyun bu sözləri öz sərhədlərini aşdı, bu hikmətli sözlər öz taleyində ilk istinasını yaşadı. Bəli, bəşəriyyəti cənginə alan və qarşısıalınmaz şəkildə yayılan koronavirus (COVID-19) infeksiyası sübut elədi ki, dünyada ortaq bədbəxtliklər də mövcud ola bilər. Varlı-kasıb, güclü-gücsüz, qüdrətli-qüdrətsiz demədən hər kəsin qapısını döyən, on minlərlə can alan, milyonlarla insanın bədənini və ruhunu qəsbkarcasına fəth edən bu kabus bəşəriyyətin ortaq kədərinə - faciəsinə çevrilib. Milliyyətindən, irqindən, dinindən, ən əsası sosial statusundan asılı olmayaraq hər kəs, dünyadakı mövqeyindən və gücündən asılı olmayaraq hər bir dövlət indi bu pandemiya qarşısında acizdir. Kimin ağlına gələrdi ki, bəşəriyyəti idarə edən, dünyanın ayrı-ayrı nöqtələrində siyasi-iqtisadi, hərbi-strateji normativləri tənzimləyən “böyük güclər” bir gün belə bir gücün qarşısında aciz qalacaqlar? Kimin ağlına gələrdi ki, koronavirus dünyanı bürüyən biznesləri ilə milyardlar qazananları, hətta bir dövlətin büdcəsi miqdarında sərvəti olanları bir neçə ay ərzində çarəsiz hala salacaq?...

Gördüyümüz kimi, koronavirus dünya ölkələrinin bütün imkanlarını, güclü və zəif tərəflərini üzə çıxardı. Hər kəsi qəfil yaxalayan bu bəlaya heç kim və heç kəs hazır deyildi. Avropanın inkişaf etmiş bir çox ölkələri təhlükəni vaxtında düzgün qiymətləndirməyi bacarmadılar və gecikdilər. Onların bu bacarıqsızlığının

bədəli isə çox ağır oldu, nəticədə təkcə öz ölkə vətəndaşlarını deyil, bütün dünya əhalisini çox böyük risk və təhlükə ilə üz-üzə qoydular. İtaliya, İspaniya, Fransa, Almaniya, İsveçrə və digər inkişaf etmiş Avropa ölkələrində epidemiya sürətlə yayıldı və indi də can almaqda davam edir. Bunun nə ilə bitəcəyi, nə qədər insan tələfatına səbəb olacağı heç kimə bəlli deyil. Koronavirusun gətirdiyi iqtisadi çaxnaşma, insanlar arasında yaranan panika və psixoloji gərginlik pik nöqtəsinə çatıb.

Söz-söhbət şəklində hərə bir cür yanaşdı bu məsələyə: biriləri dedi ki, kiminsə oyunudur, biriləri dedi ki, biloloji silahdır, biriləri də dedi... Hər nə olursa-olsun, bu silah əldə açıldı, əldə partladı və elə partladı ki, yayılan qəlpələri hələ də bir araya toplamaq mümkün deyil. Bu, məhdud bir ərazidə bir neçə dövlət arasında baş verən müharibə də deyil ki, qaçıb hər hansı bir ölkəyə canını qurtarasan. Dünya müharibələrində, müxtəlif ölkələr arasında baş verən qanlı savaşlarda ən azından varlılar, zadəganlar canlarını qurtara bilirdi. Çoxəsrlik dünya təcrübəsi varlılar üçün bunu peşəkar şəkildə hazırlıqlı vəziyyətə gətirmişdi. Yəni “ən qızğın savaşlarda belə nə cür etməli, vəziyyətdən necə çıxmalı?” sualının cavabı məlum idi. XXI əsrin əvvəllərində də müxtəlif ölkələrdə baş verən savaşlarda belə hallara aid çox sayda fakt tapıb göstərmək olar. Əllərindəki milyonları hesabına vətənindən qaçıb hər hansı ölkədə, xüsusilə Avropada və Amerikada sığınacaq tapan zənginlərin bu gün bütün yollardan qapısı bağlanıb, təəssüf ki. Bu gün bütün dünyanı cənginə alan “koronavirus müharibəsi” hər kəsi bir məkana – öz evinə toplayıb. İndi qaçmaq mümkün deyil, indi qaçmaq üçün məqam da yoxdur. Pulla, varla, dövlətlə nə vaxta kimi qaçmaq olar axı? İnsanların əmin-amanlıqlarını əllərindən alıb, qaça-qaça getdikləri yerləri də xarabalıqlara çevirənlər, indi öz evlərində “məhbus kimi yaşayırlar”. Varmı alacağınız fərqli bir məkan, varmı zəbt edəcəyiniz yeni bir dünya? Artıq dünyada satın alınacaq yer də qalmayıb. Hər yer bomboş, kimsə yox! Kənara bir addım atmaq üçün isə bir cümləlik mesajdan asılı durumdasınız. Yaşamaq üçün kiçik bir məkanınız – eviniz, ölmək üçün bir qarış toprağınız var indi.

Bəzi insanlar üçün dünya onsuz kiçik bir ərazidən ibarətdir: yaşadığı yerlərin məhəlləri, küçə və parkları və s. Və kənara çıxmağa imkanı olmayan insanlar üçün ən əziz yer də elə onların Vətənidir. Nə zaman vətənin başı dərdə düşsə, yalnız öz iradəsinə, gücünə, əməyinə arxayın olan bu insanların fədakarlığı sayəsində Vətən öz sərhədlərini qoruyur, öz şöhrətini dünyaya duyurur. Sıravi insanlar, hətta tarix boyu böyük bəlalara alışmış sıravi dövlətlər üçün belə bu virus kabus kimi görünməyə bilərdi... Onlar onsuz da bu vaxtacan o qədər “viruslar”ın qurbanı olmuşlar ki... Virus bu insanlar üçün də o zaman kabusa çevrildi ki, artıq onun qaçılmaz olduğu dərk olundu. Dərk olundu ki, hansı statusda olursan-ol, varlı yaxud kasıb, güclü yaxud gücsüz, indi hər kəsin taleyi bu virusun əlindədir. Heç kim və heç nə ilə qarşısıalınmaz bəlaya çevrilmiş bu “müharibə” hər kəsi bir qapalı məkana – “evə sıxışdırıb”. İndi hər kəs “qəfəsdən” çölü seyr edir, indi hər kəs icazə ilə hərəkət edir, indi hər kəs xəstələnə bilər, indi hər kəs əyləncəsiz yaşaya bilər və bu bəla xatırlatdı ki, indi heç nə sonsuz deyil. Hər kəsə yaşamağı öyrətdi bir virus! Bəli, bu gün bizim xatırlayacağımız xoşbəxtliklər eyni olmaya bilər, amma indi hamımızın: varlıların da, kasıbları da yaşadığı bir bədbəxtlik var ki, bu faciəni hələ də bərabər dünya adlı çadırın altında birlikdə yaşayırıq.

Azərbaycan Respublikası Mədəniyyət Nazirliiyinin

Mədəniyyət Üzrə Elmi-Metodiki Mərkəzinin əməkdaşı

Pərvanə Rəsul