"Əsas məsələ iqtisadiyyatımızın da pandemiyadan sığortalanmasıdır" ŞƏRH-ÖZƏL

6 Aprel 2020 10:32 (UTC+04:00)

"Dövlət başçısı İlham Əliyevin qeyd etdiyi kimi, 2020-ci ili də yaxşı başlamışdıq. Yanvar-fevral aylarında ümumi daxili məhsul (ÜDM) 2,8 faiz, o cümlədən qeyri-neft sektoru 6,7 faiz, qeyri-neft sənayesi 21,7 faiz artmış, inflyasiya cəmi 2,8 faiz, əhalinin gəlirləri isə 9 faiz olmaqla, sonuncu birincini üstələmişdi. Amma koronavirus pandemiyası milli iqtisadiyyatımıza həm dünyaya sirayət etməklə kənardan, həm də daxildə yayılaraq içdən ciddi şəkildə zərər vurdu. Ən acınacaqlısı isə odur ki, proses davam edir və nə vaxt bitəcəyi bilinmir". Bu fikirləri SİA-ya açıqlamasında iqtisadçı ekspert Pərviz Heydərov deyib.

O bildirib ki, dünyada baş verənlər fonunda dövlətin və hökumətin qarşısında birdən-birə iki olduqca vacib və mühüm məsələni həll etmək vəzifəsi durub: "Birincisi, əhalinin sağlamlığının qayğısına qalmaq, ikincisi isə, iqtisadiyyatı neftin qiymətinin kəskin şəkildə aşağı olmasından, həmçinin, maliyyə və iqtisadi sarıdan daxili nizam-intizamın pozulmasından, baş verə biləcək tənəzzüldən sığortalamaq".

Ekspert söyləyib ki, dövlət başçısın bu mənada koronavirus pandemiyasının və bundan irəli gələrək, dünya enerji və səhm bazarlarında baş verən kəskin dalğalanmaların iqtisadiyyata, makroiqtisadi sabitliyə, ölkədə məşğulluq məsələlərinə və sahibkarlıq subyektlərinə mənfi təsirlərini azaltmaqla bağlı bir sıra tədbirlər haqqında imzaladığı 19 mart 2020-ci il tarixli sərəncamı çox əhəmiyyətli oldu: "Məlumdur ki, həmin sərəncamla cari ilin dövlət büdcəsindən Nazirlər Kabinetinə 1 milyard manat vəsait ayrılıb. Ölkəmizin böyük maliyyə ehtiyatları olduğundan, bundan da artıq vəsait ayırmaq mümkündür".

P. Heydərov qeyd edib ki, sözügedən sərəncamla yaradılan İşçi Qrupunun pandemiyanın iqtisadiyyata, makroiqtisadi sabitliyə, məşğulluq məsələlərinə və sahibkarlıq subyektlərinə mənfi təsirini azaltmaqla bağlı hazırladığı və hökumətin həyata keçirəcəyi tədbirlər bəllidir: "Birincisi, özəl sektorda çalışan ümumən 640 min işçinin 304 min nəfərinin (45 faizinin) maaşları ödəniləcək, ikincisi, 290 mindən çox mikro və fərdi sahibkara maliyyə dəstəyi göstəriləcək, üçüncüsü, biznes üçün müxtəlif xarakterli vergi güzəştləri, tətilləri və imtiyazlar olacaq, dördüncüsü, vergi ödəyicilərinin bank kreditlərinə dəstək veriləcək, beşincisi, əhalinin elektrik enerjisinin kommunal limiti 100 kvts artırılacaq, altıncısı, sosial baxımdan həssas əhali qrupuna aid edilən ailələrin üzvü olan tələbələrin təhsil haqqı xərclərinin ödənilməsinə yardım ediləcək, yeddincisi, həyati vacib sərnişindaşıma fəaliyyəti sahələrinə dəstək və digərləri həyata keçiriləcək".

Ekspert sonda əlavə edib ki, ötən il sosial sahədə başlanan genişmiqyaslı maliyyələşdirmə tədbirləri üzrə 2020-ci ildə də bəzi sahələrdə əməkhaqlarının əlavə olaraq artırılması nəzərdə tutulurdu, nəticədə, 2019-cu ildə tətbiq olunan və 2020-ci ilə proqnoz edilən artımlar üçün 4 milyard manata qədər əlavə vəsait xərclənəcəkdi ki, bunun 2,5 milyard manatını koronavirus "mənimsədi": "Lakin hazırda əsas məsələ vətəndaşlarımız kimi, iqtisadiyyatımızın da bütün sektorlar üzrə pandemiyadan maksimum səviyyədə sığortalanmalı və bu böhrandan sağ-salamat çıxmasıdır".