Gənc sənətşünaslar arasında MÜSABİQƏ

6 Aprel 2020 12:34 (UTC+04:00)

Azərbaycan Dövlət Rəsm Qalereyası “Evdə qal, qalib gəl!” layihəsi çərçivəsində gənc sənətşünaslar üçün məqalə müsabiqəsi elan edib. Qalereyadan SİA-ya bildirilib ki, müsabiqə gənclərin mədəni inkişafında rolunu artırmaq, elmi araşdırma və analitik düşünmə qabiliyyətini təkmilləşdirmək, gənclərin maarifləndirilməsi, elmi fəaliyyətinin stimullaşdırılması, onların nailiyyətlərinin qiymətləndirilməsi məqsədi ilə həyata keçirilir.

Müsabiqədə 18-35 yaş arasında sənətşünaslar iştirak edə bilər. Müsabiqə 2 mərhələdən ibarət olacaq. Birinci mərhələdə sənətşünaslar münsiflər tərəfindən əvvəlcədən hazırlanmış mövzulardan birini seçərək iştirak edə bilərlər.

Məqalələr qiymətləndirilərkən müsabiqə mövzusuna uyğun ixtisaslaşmış, gənc alim və mütəxəssislər tərəfindən müsabiqə müddətində yazılmış orijinal məqalələrin təqdim edilməsi tələb olunur.

Sonda peşəkar sənətşünaslardan ibarət münsiflər heyəti tərəfindən qalib olaraq seçilmiş ən yaxşı elmi işlərin müəlliflərinə diplom və pulla mükafatı veriləcək.

Qalib olan hər bir məqalənin “Mədəniyyət” jurnalının müxtəlif buraxılışlarında dərc edilməsi nəzərdə tutulur.

Müsabiqəyə qoşulmaq istəyənlər Azərbaycan Dövlət Rəsm Qalereyasının “Whatsapp” nömrəsi (0777173337) ilə əlaqə saxlanmalıdılar. Yazılar qalereyanın e-mail adresinə (resmqalereya@gmail.com) göndərilməlidir. Məqalələrin son qəbulu mayın 10-dəkdir.