Mədəniyyət Nazirliyi fəaliyyətini onlayn rejimdə davam etdirir

6 Aprel 2020 09:19 (UTC+04:00)

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 31 mart tarixli qərarına əsasən, ölkəmizin ərazisində koronovirus (COVID-19) infeksiyasının yayılmasının qarşısının alınması məqsədilə elan olunan karantin dövründə (31 mart – 20 aprel) xüsusi iş rejimi tətbiq edilib. Qərarda xüsusi karantin dövründə rəhbərləri və zəruri halda işçiləri işə cəlb edilən dövlət orqanlarının və qurumlarının fəaliyyəti ilə bağlı müvafiq müddəalar əksini tapıb.

Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin fəaliyyəti də sözügedən qərara uyğun olaraq tənzimlənir. Bununla bağlı Mədəniyyət Nazirliyinin Aparatında məsul şəxslərin və əməkdaşların növbətçilik qrafiki üzrə iş rejimi həyata keçirilir. Eyni zamanda, Mədəniyyət Nazirliyinin Aparatında, nazirliyin Bakı Şəhər Mədəniyyət Baş İdarəsi və regional idarələrində, eləcə də aparıcı mədəniyyət müəssisələrində martın 30-dan etibarən videokonfans rejimində fəaliyyət davam etdirilir. Həmçinin sosial izolyasiya və karantin rejimi ilə bağlı fəaliyyətini müvəqqəti dayandırmış müəssisə və təşkilatların əməkdaşlarının evdən distant iş formasında işləməsi təmin edilib.

Nazirlikdən SİA-ya bildirilib ki, ümilikdə ölkəmizdə koronovirus infeksiyası ilə bağlı reallaşdırılan sosial izolyasiya tədbirlərinin ilk günlərindən etibarən Mədəniyyət Nazirliyi, öz fəaliyyətini Nazirlər Kabineti yanında Operativ Qərargahın qərar və tövsiyələri əsasında qurmaqla bərabər, eyni zamanda mədəni irsimizin və incəsənətimizin televiziya və internet üzərindən insanlara dolğun şəkildə çatdırılması üçün silsilə layihələr həyata keçirir.

Çünki insanların hər gün, hər saat koronovirus infeksiyası ilə bağlı müxtəlif mənbələrdən aldığı saysız informasiyalar təbii olaraq hər kəsə psixoloji təsir göstərir, bir çoxlarına müəyyən əndişə, həyəcan yaşadır. Belə bir şəraitdə mədəni dəyərlərimiz bizlərə müsbət enerji və ruh qaynağı ola bilər. Odur ki, bu günlər insanların mədəni zənginliklə təması, ünsiyyəti xüsusilə vacibdir.

Bu məqsədlə həyata keçirilən mədəni təşəbbüs və layihələr böyük maraqla qarşılanır.

Mədəniyyət Nazirliyi təşəbbüsü ilə başladılan "Evdə qal, evdə yarat" kampaniyasına yaradıcı insanlarımız öz dəstəyini verir.

Mədəniyyət Nazirliyi və Azərbaycan Televiziyasının "Mədəniyyət" kanalı tərəfindən "Bizi birləşdirən mədəniyyət" adlı telelelayihələr həyata keçirilir. Aprelin 1-dən televiziya ilə gündəlik musiqi dərsləri, Beynəlxalq Muğam Mərkəzindən tanınmış ifaçıların iştirakı ilə canlı konsert proqramlarının yayımı başlanıb. Layihə çərçivəsində uşaqlar üçün kukla, böyüklər üçün mono tamaşaların nümayişi də nəzərdə tutulur.

Mədəniyyət Nazirliyinin təşəbbüsü ilə martın 27-dən etibarən ölkəmizin bütün televiziya kanallarında "Azərbaycanfilm" kinostudiyasının istehsalı olan bədii filmlərin ödənişsiz olaraq nümayiş etdirilməsinə şərait yaradılıb. Nazirlik və telekanalların əməkdaşlığı əsasında mədəni irsimiz və incəsənətimizin digər sahələri bağlı birgə layihələr də hazırlanır.

Nazirliyin rəsmi internet saytında (mct.gov.az) və sosial şəbəkə səhifələrində mədəniyyətimizin bütün spektri ilə yaxından tanış olmaq üçün elektron resurslar, faydalı mənbələrə keçidlər vardır. "Uşaq musiqi və incəsənət məktəbləri tədris potalı"nda (http://music.mctgov.az/) müxtəlif musiqi alətləri üzrə nümunəvi video-dərsləri yerləşdirilib.

Teatrlar fəaliyyətlərini müvəqqəti dayandırsalar da, repertuarlarından seçmə tamaşaları "Youtube" kanalı və sosial şəbəkə səhifələrindən nümayiş etdirirlər.

Kitabxanaların zəngin elektron resurslarından istifadə imkanları, onlayn xidmətləri bu günlər daha da genişləndirilir.

İnsanlar evlərində oturub muzeylərimizin ekspozisiyalarını virtual ziyarət edə, mədəni irsimizlə bağlı onlayn mühazirələr dinləyə, maraqlı məlumatlar ala bilərlər. Mədəniyyət qoruqlarını internet virtual ziyarət imkanları da mövcuddur.

Bir sözlə, Azərbaycanın mədəni zənginliyini, tarixi irsimizi, incəsənətimizi evlərimizə gətirmək, uşaqlardan yaşlısına, gənclərdən qocasına hər kəsə təqdim etmək, onların mədəniyyətlə təmasını genişləndirmək üçün bütün imkanlar səfərbər edilib. Bu günlərdə insanlardan tək istəyimiz odur ki, dövlətin hər birimizin və bütövlükdə xalqımızın sağlığı, gələcəyi naminə həyata keçirdiyi sosial izolyasiya və xüsusi karantin rejiminə tam şəkildə riayət etsinlər, karantin müddətində evlərdə qalsınlar və mədəni dəyərlərimizdən də yararlanaraq zamanlarını səmərəli dəyərləndirsinlər.