Kolumbiya hökuməti Venesuelanın humanitar yardımından imtina edib

6 Aprel 2020 07:40 (UTC+04:00)

Kolumbiya hökuməti Venesuelanın bu ölkəyə bağışlamaq istədiyi koronavirusu aşkarlayan test avadanlığından imtina edib.

SİA "TASS" agentliyinə istinadən xəbər verir ki, bu barədə Venesuelanın icraçı vitse-prezidenti Delsi Rodriqes paytaxt Karakasda çıxışı zamanı bildirib.

O, həmçinin ölkəsində koronavirusa yoluxanların sayını da açıqlayıb. Qeyd edib ki, hazırda Venesuelada yeni virusa yoluxanların ümumi sayı 159-a çatıb.

Xatırladaq ki, cümə günü Venesuela Prezidenti Nikolas Maduro koronavirusla mübarizə çərçivəsində Kolumbiyaya kömək etməyə hazır olduğunu demişdi.

Məlumat üçün bildirək ki, Venesuelada koronavirusa ilk yoluxma hadisəsi martın 13-də qeydə alınıb. Martın 17-dən ölkə daxilində karantin tətbiq edilib.