KİVDF-nin yeni icraçı direktoru kimdir? - Dosye

4 Aprel 2020 18:10 (UTC+04:00)

Bu gün Kütləvi İnformasiya Vasitələrinə Dövlət Dəstəyi Fonduna yeni icraçı direktor təyin olunub. SİA-nın verdiyi məlumata görə, Prezident İlham Əliyevin Sərəncamı ilə bu vəzifəyə təyin olunan Əhməd Məhəmməd oğlu İsmayılov daha öncə Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Dövlət Dəniz Agentliyinin direktor müavini vəzifəsində çalışıb.

Yeni vəzifədə Vüqar Səfərlini əvəzləyən Ə.İsmayılov 1980-ci ildə anadan olub.

2002-ci ildə Bakı Dövlət Universitetinin “Hüquqşünaslıq” ixtisası üzrə bakalavr, 2016-cı ildə Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının “Dövlət qulluğunun təşkili və idarə edilməsi ixtisaslaşması” ixtisası üzrə magistr dərəcəsi alıb.

2002-ci ildə Bakı Neft Energetika Kollecində müəllim, 2004-2005-ci illərdə Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsman) Aparatının Vətəndaş və siyasi hüquqların müdafiəsi sektorunda böyük məsləhətçi, 2005-2008-ci illərdə Azərbaycan Respublikasının Nəqliyyat Nazirliyinin Hüquq şöbəsində baş məsləhətçi vəzifəsində işləyib.

2008-2011-ci illərdə Azərbaycan Respublikasının Dövlət Dəniz Administrasiyasının Hüquq, kadr və beynəlxalq əlaqələr şöbəsinin müdiri, 2011-2018-ci illərdə Aparat rəhbəri vəzifəsində çalışıb.

20 iyun 2018 – ci il tarixdən Dövlət Dəniz Agentliyinin direktor müavini vəzifəsində çalışıb. 2009-2015-ci illərdə Yeni Azərbaycan Partiyasının “Dənizçilər” İlk Ərazi Təşkilatının sədri olub.

O, 2019-cu ildən etibarən Heydər Əliyev Fondu “Regional İnkişaf” İctimai Birliyində ekspert vəzifəsində çalışır.

Ailəlidir.