“Dünya koronavirusla müharibə vəziyyətindədir" ÖZƏL-ŞƏRH

4 Aprel 2020 10:30 (UTC+04:00)

"Dünyada yenidən bir kabus dolaşmaqdadır. Artıq 3 aydır ki, bu qlobal təhdid mənbəyi qismində başlanğıcını Çinin Uhan şəhərindən götürən koronavirus pandemiyası çıxış edir. Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) martın 11-də bu virusun təsir imkanlarını məhz pandemiya kimi müəyyən edib və "SOS" siqnalı vermişdir". Bunu SİA-ya politoloq Zaur Məmmədov deyib.

Politoloqun sözlərinə görə, Antarktida istisna olmaqla bütün qitələr bu pandemiyanın cəngindədir: "Dünya koronavirusla müharibə vəziyyətindədir. Bizim qarşımızda İran, İtaliya, İspaniya kimi ssenarilər var. Son günlər Türkiyə və Rusiyada da virusa yoluxanların sayında kəskin artımı nəzərə alsaq Azərbaycanda qarşıdakı 2 həftənin ən təhlükəli olacağı istisna edilməməlidir. Etiraf etməliyik ki, ölkəmizdə koronavirusla bağlı vəziyyət ən pis ssenari üzrə inkişaf edir. Hər bir evdən çıxmaq, küçədə istər -istəməz olmaq potensial virus və ölüm deməkdir. Bu, yaxınlarını riskə atmaq, onlara qarşı məsuliyyətsizlik deməkdir. Təəsüflər olsun kı, lazımı halda küçələrə çıxanları çıxmaq şərtilə digərləri qeyri- ciddi addımları ilə ümumbəşəri problem qarşısında bütünlüklə cəmiyyəti risk altına salmış olurlar.

Hökümət Koronavirusla əlaqədar bir neçə dəfə vətəndaşların ümumi davranışlarıla bağlı sərt qərarlar qəbul etmisdir. Bu sərt qərarlar nəticəsində strateji yerlər istisna olmaqla, bütün obyektlərin fəaliyyəti dayandırılıb və hər kəsin lazım olmayınca küçəyə çıxmamağı tövsiyə olunubdur. Təbii ki, cəmiyyət özü də bilməlidir ki, onların küçələrə çıxması real təhlükədir.

Azərbaycan koronavirusun yayıldığı ilk günlərdən başlayaraq dövlət səviyyəsində bəşəri bəlaya qarşı mübarizəyə başlamışdır. Belə ki, artıq 2020-ci il yanvarın 30-da Nazirlər Kabinetinin qərarı ilə "Azərbaycan Respublikasında koronavirus xəstəliyinin yayılmasının qarşısının alınmasına dair Fəaliyyət Planı" təsdiq edilmişdir. 27 fevral 2020 –ci ildə isə, Nazirlər Kabineti yanında operativ qərargah yaradılmışdır.

Koronavirusun regionda yayıldığı ilk gündən Prezident İlham Əliyevin apardığı siyasət nəticəsində xalqımız mümkün təhlükənin minimum həddini yaşamaqdadır. Son aylar ərzində Prezident İlham Əliyevin verdiyi qərarlar bir daha göstərdi ki, dövlətin koronavirusa qarşı gördüyü tədbirlər sistemli və düşünülmüş xarakter daşıyır. Bu gün koronavirusun geniş yayıldığı bir çox ölkələrdən fərqli olaraq Azərbaycan dövləti vaxtında tədbirlər görməklə vətəndaşların kütləvi şəkildə virusa yoluxmasının qarşısını aldı. Doğrudan da, əgər bu tədbirlər olmasaydı, biz tamamilə başqa mənzərənin şahidi ola bilərdik.

Məlum olduğu kimi, Azərbaycan Respublikası Prezidentinin Fərmanı ilə ölkəmizdə Koronavirus (COVİD-19) pandemiyasına qarşı preventiv addımların atılması və mübarizə tədbirlərinin gücləndirilməsi məqsədilə Koronavirusla Mübarizəyə Dəstək Fondu da yaradılıb. İlk olaraq dövlət başçısı cənab İlham Əliyev və birinci vitse-prezident Mehriban xanım Əliyeva bir illik əmək haqlarını bu fonda köçürüblər. Hər bir Azərbaycan vətəndaşının, o cümlədən dövlət məmurlarının, iş adamlarının, sadə insanların səyləri ilə fondda artıq 100 milyon manatdan çox vəsait toplanıb.

Onu da əlavə etmək lazımdır ki, Azərbaycan Koronavirusa qarşı Mübarizəyə Dəstək Fondunu yaratmaqla yenə də birincilik göstərdi. Eyni zamanda Koronavirus dövründə dövlət başçısı cənab İlham Əliyevin zəruri dövlət dəstəyi istiqamətləri çərçivəsində 1 milyard manat vəsaitin ayrılması ilə bağlı imzaladığı Sərəncamı da qeyd etmək yerinə düşər. Sərəncam ilkin mərhələdə ən çox mənfi təsirə məruz qalan turizm, hotelçilik, ictimai iaşə, əyləncə, nəqliyyat, ticarət və s. kimi ümumilikdə təxminən 12 fəaliyyət sahəsini əhatə edir. Sərəncam sosial təcrid tədbirlərindən təsirlənən sahibkarların dövlət başçısının diqqətindən kənarda qalmadığını göstərir. Müxtəlif istiqamətlər üzrə dövlət dəstəyinin və stimullaşdırıcı tədbirlərin təcili həyata keçirilməsi ilə bağlı verilən tapşırıqlar iqtisadi subyektlər üçün mühüm əhəmiyyət daşıyır. İqtisadiyyat Nazirliyinin rəhbərliyi ilə yaradılmış İşçi Qrupun dəstək tədbirləri ilə bağlı təhlillərə başlaması onu deməyə əsas verir ki, bu tədbirlər geniş spektri əhatə edəcəkdir".