“Nə? Harada? Nə zaman?” intellektual yarışmasının mətbuat konfransı keçirilib
15 Aprel 2011 01:22 (UTC+04:00)
Bu gün Gənclər Təşkilatları Milli Şurası (GTMŞ) tərəfindən təşkil olunan "Nə? Harada? Nə zaman?" intellektual yarışmasının mətbuat konfransı keçirilib. SİA-nın məlumatına görə, konfransda GTMŞ-nin baş katibi Orxan Ərəbov, şuranın sədr müavini Elmiri Məmişov, yarışmanın aparıcısı olacaq Ales Muxin və oyunun koordinatoru Ayan Bəşirzadə iştirak edib.
Konfransda iştirak edən A. Muxin bildirib ki, bu yarışmanı keçirməkdə əsas məqsədimiz intellektual səviyyəsi yüksək olan gəncləri aşkara çıxarıb digər ölkələrdə tanıtmaqdır: "Düşünürəm ki, gənc istedadların sayı Bakıda daha çoxdur".
Ales Muxin onu da vurğulayıb ki, bu yarışmalarda ən çox Qafqaz ölkələrindən, o cümlədən də Ukrayna, Belarus və Rusiyadan komandalar təmsil olunacaqlar.
Daha sonra yarışmanın koordinatoru A. Bəşirzadə qeyd edib ki, baxmayaraq ki, yarışmada iştirak etmək üçün 50-dən çox müraciət olundu, ancaq yer məhdudiyyəti səbəbindən yalnız 30 ən yaxşı komandanı qəbul edə bildik.
AGTMŞ və Gənclər və İdman Nazirliyinin birgə təşkilatçılığı ilə aprelin 16-da "Bakının birincisi" adlı II İntellektual Gənclər festivalı çərçivəsində "Nə? Harada? Nə zaman?" yarışması keçiriləcək. Turnir Beynəlxalq Klublar Assosiasiyasının lisenziyası əsasında keçirilir. 30 komandada birləşən 180 nəfərin iştirakı ilə baş tutacaq yarışda tələbələr, bilici klublarının nümayəndələri iştirak edəcəklər. Sözügedən layihə "Firstline assistance" və "Park İnn"-in sponsorluğu ilə reallaşacaq. Sual paketi isə Beynəlxalq Bilicilər Hərəkatının ən yaxşı redaktoru seçilən Konstantin Naumenko tərəfindən hazırlanacaq.
Turniri Minsk şəhərindən dəvət olunan məşhur teleaparıcı, 2001- 2005-ci illərdə klubun ən yaxşı kapitanı fəxri adına layiq görülən Ales Muxin aparacaq. Turnirin münsiflər heyəti Bakı elitar klubunun üzvləri olacaq.
Məlumat üçün bildirək ki, oyunda qalib gələn komandaya sponsorların 200 manatlıq hədiyyə kuponu təqdim olunacaq.
Qeyd edək ki, AGTMŞ son 2 il ərzində olunan "Nə? Harada? Nə zaman?" oyunu üzrə artıq 3-cü layihəsini həyata keçirir.