"EVDƏ QAL!" çağırışına əməl edək!

3 Aprel 2020 12:43 (UTC+04:00)

Sumqayıt Dostlar Klubunun üzvü, şair Əli Ələmi şeirlə çağırış etdi:


"Çölə çıxma!",- dedilər, hədd qoyub yaşımıza,
Gəl, cavanlıq edib, əl gəzdirək üst-başımıza!

Evdə qal, evdə otur, pəncərədən boylan hələ,
Hörmətə bax, vurulublar, demə, göz-qaşımıza!

Ləzzət ilə necə, gör, ömr edirikmiş, ey dil,
Su qatıb, kimdisə dünyadə, bizim aşımıza!

Zülm edib çöldə kəbaba, onu şişə çəkdik,
Meyl edək, evdə qalıb, xaş ilə bozbaşımıza!

Daha meyxanəyə yol bağlıdı, çün saqi deyib,
Məsləhət öyləsə, üz vurmam o qardaşımıza.

Unudar, bəlkə, gözəllər belə getsə, bizi ta,
Sığınıb, ağlayacaqmı biri, başdaşımıza?!

Axtarır, tacı başında, bizi afət, Ələmi,
Halımız var, gətirib tacı qoya başımıza?!

Taclı afət* - Koronavirus nəzərdə tutulur!

26.03.2020