Kitabxanalar üçün informasiya məktubu hazırlanıb FOTOLAR

3 Aprel 2020 14:50 (UTC+04:00)

Bakı şəhər Mədəniyyət Baş İdarəsi Yasamal rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin (MKS) M.Ş.Vazeh adına Mərkəzi Kitabxanası Aprel döyüşlərinin dördüncü ildönümü ili əlaqədar kitabxanalar üçün informasiya məktubu hazırlayıb.

SİA-nın məlumatına görə, məktubda hərbi əməliyyatların başlanması və Azərbaycanın cəbhə boyu mövqeləri və yaşayış məntəqələrinin erməni silahlı qüvvələri tərəfindən güclü artilleriya atəşinə məruz qalması, Azərbaycan tərəfindən bu hücumun qarşısının alınması, döyüşlərin gedişi, Azərbaycan Silahlı Qüvvələrinin komandanlığı tərəfindən Ağdərə-Tərtər-Ağdam və Xocavənd-Füzuli istiqamətində təxirə salınmaz cavab tədbirlərinin həyata keçirilməsi əks olunub.

Materialda qeyd olunur ki, Azərbaycan Ordusunun həyata keçirdiyi uğurlu əks-hücum hərbi əməliyyatı nəticəsində erməni işğalından azad edilmiş Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndində insanların təhlükəsiz yaşaması mümkün olmuşdur.

Burada şücaət göstərənlər, itkin düşənlər, yaralananlar barəsində də məlumat verilir.

Şəhidlərin siyahısı təqdim olunur, onların Azərbaycanın rayonları üzrə təsnifatı da verilir. Bundan başqa, 2016-cı il 2-5 Aprel döyüşləri zamanı şəhid olmuş Milli Qəhrəmanların fotoşəkilləri və onlar haqqında bioqrafik məlumat təqdim olunur.

Tarixə “Dördgünlük müharibə” adı ilə düşən Aprel döyüşləri gənclərin hərbi vətənpərvərlik ruhunu daha da yüksəltdi. Aprel döyüşlərində qazanılan qələbə xalqımızın orduya olan inamını artırdı.