Professor, politoloq Qabil Hüseynlinin SİA-ya müsahibəsi:
- Bildiyimiz kimi? 9 yaşlı şəhidimiz Fariz Bədəlovun ölümü ATƏT tərəfindən araşdırılırdı. Sizcə, ATƏT-in nümayəndələri məsələ ilə bağlı ədalətli mövqe açıqlayacaq?
- Doğrusu ermənilərin bu məsələ ətrafında qaldırdığı hay-küy, xüsusən də Ermənistan prezidenti Serj Sarkisyanın qaldırdığı həyasız iddialar fonunda məsələnin bu qədər asan getməyəcəyini söyləmək olar. Amma fakt faktlığında qalır. Heç kəs yalan yerə öz kiçik yaşlı uşağını öldürə bilməz. Ümumiyyətlə isə bu hadisənin bütün kənd əhalisi qədər şahidləri var. Bundan başqa əgər ekspertiza aparılarsa, çıxarılan güllənin analizi keçirilərsə, yəni faktaraşdırıcı missiya müasir kriminalistika qanunlarının bütün elementlərindən istifadə etməklə faktı araşdırarsa, o zaman faktı meydana çıxarmaq o qədər də çətin olmayacaq. Ümidvaram ki, belə faktı gizlətmək o qədər də asan deyil. Belə bir faktın gizlədilməsi özünü mədəni Qərb adlandıran bir məkan üçün o qədər də başucalığı gətirməz.
- ATƏT-in 20 ildir ki, Dağlıq Qarabağ mövzusunda fəaliyyətsizliyinin şahidiyik. Belə olan halda həmsədrlərin tərkibinin dəyişilməsinə zərurət varmı?
- ATƏT demək olar ki, sülh yaratmaq prosesində elə bir ciddi töhfə verməyib. Onun haqqında bu məsələ ilə bağlı iddia qaldırdıqda isə deyirlər ki, biz vasitəçiyik tərəflər özləri razılığa gəlməlidirlər. Amma zənnimcə, onlar ciddi sürətdə yanılırlar. Çünki ATƏT-in məhz vasitəçilik missiyası sülh yaratmaq prosesinin axıra qədər başa çatdırmaq haqqında dəfələrlə vəd verib. Bundan əlavə ATƏT-in Minsk qrupu həmsədrləri arasında üç ən aparıcı dövlət həmsədr kimi bilavasitə iki dövlət arasında sülh yaratmaq prosesində vasitəçilik missiyasını öz üzərinə götürüblər. Vasitəçilik missiyası o demək deyil ki, tərəfləri dinləyib, çıxıb gedəsən. Mənim zənnimcə, vasitəçilik missiyası o deməkdir ki, bütövlükdə baş vermiş münaqişənin anatomiyasına diqqət yetirilməli, bu anatomiyada günahkar olan, yəni təcavüzkar kimi çıxış edən, təcavüzə məruz qalmış ölkə və orada baş verən itkilər, maddi-mənəvi dəymiş ziyan, məsələnin aspektləri hətta lazım gələrsə, tarixi aspektləri də nəzərə alınmalıdır. Beləliklə, erməni təcavüzünün səbəbləri ortaya çıxarılmalıdır. İndiki halda isə biz bunun şahidi olmuruq. Minsk qrupunun həmsədrlərindən bəziləri Dağlıq Qarabağ ermənilərinin separatizmini, mərkəzi Azərbaycan hakimiyyətinə qarşı üsyançı davranışlarını bəzən Milli Azadlıq Hərəkatı kimi təqdim etməkdən çəkinmirlər. Bütün bunlar onu göstərir ki, həm yanaşma tərzində, həm hadisələrə siyasi qiymət tərzində ciddi, məqsədyönlü yanlışlıqlar var. Bu yanlışlıqlar isə erməni tərəfini ruhlandırır, danışıqlar prosesində qeyri-konstruktiv mövqe tutmasına gətirib çıxarır. Nəticə etibarı ilə kompromis deyə bağırmalarına baxmayaraq kompromis əldə etmək mümkün olmur. Bu o zaman mümkün olur ki, hər iki tərəf kompromisə getsin. Əgər münaqişənin yoluna diqqət yetirsək görərik ki, hər zaman kompromisə gedən tərəf Azərbaycan olub. Ermənistanın hər hansı bir kompromisə getdiyinin şahidi deyiləm. Yalnız son zamanlar paket variantı həllində mərhələli həll variantına razı oldular . Bu da təmtəraqla güzəşt kimi təqdim edildi. Amma danışıqlar sistemi ətrafına gəldikdə yenə paket variantının tələblərini irəli sürməyə başladılar. Çox təəssüflər olsun ki, bu zaman Minsk qrupunun həmsədrləri Ermənistan tərəfinin ağzından vurmaq istəmirlər. Bu baxımdan demək olar ki, hər üç sədrdən heç biri istisna təşkil etmir. Lakin ən çox fəallıq göstərən Fransa nümayəndəsidir ki, o arqumentləri, faktları hər yerə uyğun seçməkdə daha mahirdir. Bütün bunlar onu göstərir ki, ATƏT-in indiki tərkibi demək olar ki, səmərə vermir. ATƏT ya genişlənidirilməli, tərkibinə yeni üzvlər daxil edilməli və ya indiki tərkibi dəyişdirilməlidir. Rusiya ilə Ermənistan arasında əlaqələr olan yerdə belə bir ölkənin obyektiv qərar verməsini düşünmək sadəlövhlük olar. Eləcə də Fransanın Ermənistanla tarixi əlaqələri var. Ona görə də bu məsələ ilə bitərəf, heç bir məqsəd güdməyən, yalnız məsələnin həllinə çalışan ölkələrin nümayəndələri məşğul olmalıdırlar. Belə ölkələr də kifayət qədərdir. Yaxud Azərbaycan bu məsələni ATƏT-in Minsk qrupunun siyasi müstəvisindən çıxararaq başqa siyasi müstəviyə, BMT siyasi müstəvisinə daşımalıdır. Məncə ən məqbul variant budur.
- Niyə Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsində Qərb Rusiyaya nisbətən daha daha passiv iştirak edir?
- Dünya böyük güclər, böyük dövlətlər tərəfindən idarə olunur. Çox təəssüflər olsun ki, dünyan bir çox ölkələrinin maraq dairəsi açıq olmasa da leqal danışıqlar prosesində razılaşdırılır. ABŞ prezidenti Barak Obama hakimiyyət başına gəldikdən sonra Cənubi Qafqazın taleyi, ümumiyyətlə, bu bölgədə sərbəst hərəkət imkanlarında Rusiyaya güzəştə getdi. Rusiya da İran, Əfqanıstan məsələsində ABŞ-a güzəştə getdi. Beləliklə, böyük dövlətlər öz aralarında bölgələrdə kimin siyasi maraqlarının keçici olması haqqında bir növ qeyri-razılaşma əldə etdilər. Çox təəssüf ki, ABŞ bu məsələdə Fransanı yola gətirdi. Qərb dövlətləri bilavasitə Cənubi Qafqazda münaqişələrin həlli məsələsini Rusiyanın ixtiyarına buraxdılar. Rusiya artıq 8-ci dəfədir ki, prezidentlərin görüşünü keçirir. Amma bu görüşlərdə demək olar ki, problemlərin həlli istiqamətində pozitiv nəticələr əldə etmək olmur. Bu da onu göstərir ki, məsələnin tək başına Rusiyanın ixtiyarına buraxılması yanlış bir qərardır. Rusiya ilə Ermənistan arasında tarixi əlaqələr hamıya bəllidir. Ermənistanı Rusiyanın əyaləti, quberniyası kimi göstərmək olar. Ona görə də, bu məsələdə Rusiyanın ədalətli olacağına inanamaq çox çətindir.
- BMT Nizamaməsinin 25 və 51-ci maddələrini əsas götürsək, Azərbaycanın Dağlıq Qarabağda anti-terror əməliyyatlarına başlaya biləcəyini demək olar. Belə olan təqdirdə dünya birliyinin bu məsələyə reaksiyası necə olar?
- Bilirsiniz, Azərbaycan öz ərazi bütövlüyün təmin etmək məsələsində beynəlxalq hüququn verdiyi imkanlardan yararlana bilər. Azərbaycan da güman edirəm ki, belə hərəkət edə bilər. Ən azından ilkin mərhələdə Dağlıq Qarabağ hüdudlarından kənarda işğal edilən torpaqları azad etmək üçün tam sərbəst hərəkət edə bilər. Çünki Dağlıq Qarabağ hələ ki, beynəlxalq güclər tərəfindən mübahisəli ərazi kimi qəbul edilir. Amma bütün buna baxmayaraq Dağlıq Qarabağ hüdudlarından kənarda olan torpaqları azad etmək üçün bizim tam ixtiyarımız var. Beynəlxalq hüquq da , BMT-nin nizamnaməsi buna imkan yaradır. Lakin burada bir balaca çətinliklər var. Bu çətinliklər yenə də Rusiya amilinə gəlib dirənir. Rusiya Kollektiv Təhlükəsizlik Şurası adlanan qondarma bir şura düzəldib. Kollektiv Təhlükəsizlik Şurasının nümayəndələri tez- tez bəyanat səsləndirirlər ki, Ermənistana olan təcavüzə biganə qalmayacaq, bir yerdə hərəkət edəcəyik. Rusiyanın davranışlarını Gürcüstan nümunəsində görmüşük. Gürcüstanın Cənubi Osetiyaya müdaxilə etmədiyi halda ruslar elə düzüb-qoşdular ki, ortada təcavüz faktı meydana çıxdı. Rusiya üçün beynəlxalq qanunlar mövcud deyil. Azərbaycan öz torpaqlarını gec-tez alacaq. Biz son nəfəsimizə qədər mübarizəyə qalxmalı, bunu etməliyik. Hətta Ermənistana kim kömək edəcəksə, onunla da döyüşməyə hazır olmalıyıq. Güman edirəm ki, Ermənistana kömək edən dövlətlər Azərbaycanın ortaya qoyduğu siyasi iradəsini, ordusunu gördükdə Gürcüstandakı kimi hərəkət etmək niyyətlərindən vaz keçəcəklər və o zaman görünür, bu məsələnin müharibə variantı gündəmə gələcək.
- Liviya lideri Müəmmar Qəddafi rejimi ilə bağlı tez-tələsik qərar verən BMT nəyə görə 20 ildir ki, Dağlıq Qarabağla bağlı qəbul etdiyi qətnaməni icra etmir?
- Burada BMT-ni idarə edən ölkələri günahlandırmaq lazımdır. Çünki ermənilərin çox güclü himayədarları var. Bu himayədarlar Rusiya ABŞ, Fransa, Böyük Britaniyadır. Bu ölkələr BMT Təhlükəsizlik Şurasının qərarlarının həyata keçirilməsində həlledici söz sahibləridirlər. Liviya məsələsində Fransa təkid etdi və digərləri də onu dəstəklədi. Bu ABŞ üçün göydəndüşmə bir hal idi. Ona görə bu çağırışlara ABŞ-da qoşuldu. O ki qaldı BMT-nin qətnamələrinə burada da çox ciddi hadisələr baş verirdi. Həmin qətnamələrin qəbul edilməsi üçün böyük səy göstərirdik. Burada Türkiyə bizə yaxından kömək edirdi. Məsələnin BMT-nin gündəliyə salınması çox çətin bir proses idi. Lakin çətinliklə də olsa buna nail olduq. Qəbul olunan qətnamələr yarımçıq və məcburedici xarakter daşımayan qətnamələr idi. Erməni təcavüzü maskalanmış şəkildə təqdim edilirdi. Hər 4 qətnamədə guya idarə edilməyən, heç kim tərəfindən nəzarət edilməyən, öz-özünə formalaşan soyğun dəstələrin Azərbaycana irəlilədiyi göstərilirdi. Lakin əslində bu belə deyildi. Burada tək ermənilər deyil, Rusiya qoşunları da köməklik edib. Çox təəssüf ki, BMT-nin qətnamələrində bu müddəaların əks olunmasına nail ola bilmədik. Dəfələrlə hazır variantları ora göndərsək də, çıxan variantlarda kəsilib, doğranmış, reallığı əks etdirməyən variantlar ərsəyə gəlirdi. Lakin bütün bunlara baxmayaraq həmin və baş məclis tərəfindən qəbul edilən qətnamələrin böyük əhəmiyyəti var. Onlar işğal olunan torpaqlarımızın geri qaytarılmasında lazım olacaq. O ki qaldı BMT-nin Liviyaya qarşı aktiv, Dağlıq Qarabağ məsələsində passiv hərəkətinə o dövrə nəzər salsaq, yeni formalaşan Azərbaycana olan münasibətlə bu gün dünyanın maraq dairəsində olan Liviyaya münasibət fərqlidir. Dünyanın güc mərkəzləri BMT-ni, digər beynəlxalq qurumları idarə edən böyük dövlətlər öz maraqlarına uyğun hərəkət edirlər. Nəticədə belə bir vəziyyət yaranır.