"Aprel zəfəri bir sıra stereotipləri kökündən sındırdı" BƏHRUZ QULİYEV

2 Aprel 2020 17:53 (UTC+04:00)

"Xalqımız şərəfli Aprel zəfərinin növbəti ildönümünü qeyd edir və bu qələbənin əldə edilməsinin təməlində dayanan əsas faktor mütərəqqi ordu quruculuğu reallığıdır". Bu fikirləri Olaylar.az-a "SƏS" qəzetinin baş redaktoru, siyasi ekspert Bəhruz Quliyev mövzu ilə bağlı fikirlərini şərh edərkən deyib.

Bəhruz Quliyev bildirib ki, ordumuzun güclənməsində, ən müasir silah və sursatlarla təchiz olunmasında, hərbi sənayemizin inkişafında, eləcə də hərbçilərimizin hazırlıq səviyyəsinin ən mükəmməl şəkildə hazırlanmasında atılan addımlar nəticədə Silahlı Qüvvələrimizin dünya reytinq cədvəlində yüksəlməsinə səbəb olmaqdadır: "Əbəs deyil ki, nüfuzlu "Global Firepower" hərbi-analitika təşkilatı 2020-ci ildə dünyanın ən yaxşı ordularının reytinqini açıqlayarkən, ordumuzun yüksək pillədə qərarlaşdığını qeyd edib. Belə ki, Azərbaycan Silahlı Qüvvələri regionun ən qüdrətli ordusu reytinqini qoruyub saxlayıb və cədvəldə 138 ölkənin ordusu arasında 64-cü olub. Qonşu Gürcüstan ordusu 89-cu, Ermənistan isə 111-ci yerdədir. Beləliklə, Ordumuz düşmən silahlı qüvvələrindən 47 pillə yüksəkdə qərarlaşıb".

"Əlbəttə ki, burada daha bir mühüm məqam nəzərə çarpır və həmin məqam güclü iqtisadiyyat, iqtisadi inkişafla bağlıdır. Bu bir aksiomadır ki, güclü iqtisadiyyatı olmayan ölkənin güclü ordusu da olmaz. Məhz bu nöqteyi-nəzərdən çıxış edərkən, biz əmin oluruq ki, Azərbaycan iqtisadiyyatının dinamikliyi Silahlı Qüvvələrimizin, habelə hərbi sənayemizin tərəqqisinə öz töhfələrini verib", deyən siyasi ekspert həmçinin bildirib ki, hələ Aprel müharibəsi zamanı xalqımızın, gənclərimizin həmrəyliyi əldə edilən qələbəyə stimul verdi: "Cəbhədə uğurlu hərbi əməliyyatlarımız, işğalçı düşmənin sözün əsl mənasında cəzalandırılması, xalqımızda milli ruhu yüksəltdi, hər bir evdə, hər bir mənzildə şanlı Azərbaycan bayrağı dalğalandı. Bu qələbə eyni zamanda, növbəti qələbələrə doğru yolumuzu açdı və bir sıra stereotipləri kökündən sındırdı. Biz burada Naxçıvanda əldə edilən Günnüt qələbəsini də göstərə bilərik. Məhz bu qələbənin də təməli Aprel zəfərinin davamı olaraq qiymətləndirilə bilər. Sıravi əsgərlərimizdən tutmuş zabit heyətinə qədər göstərilən şücaətlər xalqımızın qorxmazlığını, yağı düşmən üzərindəki qələbə əzmində olduğunu sübuta yetirdi. Qarşıda isə xalqımızı, dövlətimizi daha böyük qalibiyyətlər, qürurlu zəfərlər gözləyir. Hesab edirəm ki, Aprel qələbəsi bizlərin hər birimizə bu tarixi yaşatmaqla gələcəyə daha inamlı baxmağımıza zəmin yaratdı. Bu qələbə hər bir vətənsevər azərbaycanlının qələbəsidir.