Avtobuslar təhlükə daşıyır! - MÜNASİBƏT

2 Aprel 2020 17:42 (UTC+04:00)

Azərbaycanda koronavirula mübarizə aparmaq məqsədilə xüsusi rejim elan olunmasına baxmayaraq bəzi yollarda müəyyən tıxac və sıxlıq müşahidə olunur. Məsələni SİA-ya şərh edən nəqiyyat məsələləri üzrə ekspert Ərşad Hüseynov yaranmış tıxac və sıxlığın səbəblərinə aydınlıq gətirib.

Ekspert bu kimi halların 2 qrup şəxslər tərəfindən qeyri-ixtiyari şəkiləd yarandığını vurğulayıb:

"Məsələ bundan ibarətdir ki, bir neçə ərazidə yoxlama işləri həyata keçirilir və həmin yoxlamalar aparılarkən müvafiq ərazilərdə müəyyən tıxaclar müşahidə edilir. Ümumiyyətlə, mart ayının 19-dan etibarən küçələrdə və yollarda avtomobillərin sayı azalıb. Demək olar ki, şəhərin bir çox yerində küçələr boşalıb. Yenə də avtomobillər bəzi yerlərdə çoxluq təşkil edir. Bu tıxaclar iki qrup şəxslərlə: Birincisi faəliyyətini dayandırmayan sahələrdə çalışan işçilərlə, ikincisi isə həyatı ehtiyaclarını qarşılamaq üçün yola düşən şəxslərlə əlaqədardır. Lakin, bu iki qrup şəxslər evdən çölə çıxmağa məcburdurlar"

Həyati obyektlərdə çalışan işçilər evdən çölə çıxmağa məcburdur!

Ərşad Hüseynov vurğulayıb ki, birinci qrup şəxslərə müəyyən həyat əhəmiyyətli sahələrdə çalışan işçilər, fəaliyyətini koronavirusla mübarizə fonunda davam etdirməli olan müəssisələrdə çalışan işçilər aiddir ki, onlar da iş yerlərinə gedə bilərlər:

"Ümumiyyətlə, bu şəxslər yaranmış proseslə bağlı evdə qalmamalıdırlar. İşlərini davam etdirmək məqsədilə yola çıxmağa məcburdurlar. Bura həkimlər, müxtəlif tibbi sektorlarda çalışan işçilər, polislər, market işçiləri, fəaliyyətini dvam etdirməli olan dövlət qurumlarında çalışan işçilər, həyat əhəmiyyətli obyektdə çalışan işçilər, ərzaq istehsal edən müəssisələrdə, istehsal müəssisələrində çalışan işçilər aiddir. Əgər, onlar işə getməsə müəyyən proseslər səngiyər və bu həyat səviyyəsinə də təsir edər".

Bu şəxslər avtomobillərindən necə səmərəli istifadə edə bilərlər?

Ekspert bildirir ki, bu şəxslərin özlərinə də, avtombillərinə də xüsusi buraxılışlar verilməlidir və onların rahat şəkildə avtomobillərindən istifadəsinə şərait yaradılmalıdır:

"Müvafiq dövlət orqanları Daxili İşlər Nazirliyi, Səhiyyə Nazirliyi, TƏBİB, İqtisadiyyat Nazirliyi və onunla bağlı qurumlar, həmçinin fəaliyyət göstərən digər qurumların, həyat əhəmiyyatlı obyektlərin işçilərinə, fəaliyyətini dayandırmamış sektorların işçilərinə və onların avtomobillərinə xüsusi buraxılış verilməlidir. Həmin qurumların hamısından xüsusi məlumatlar toplanmalıdır, onların istifadə etdiyi avtomobillərə xüsusi buraxılış verilməli və bu buraxılışlar uçota alınmalıdır".

Bəs, aptekə və marketə gedən şəxslər?

"Bu şəxslərin təyin olunmasında isə müəyyən qədər çətinliklər yarana bilər. Həyatı ehtiyaclarını ödəmək məqsədilə evdən çölə çıxan, aptek və ya marketə yollanan şəxslər ola bilsin ki, gedə biləcəkləri piyada yolda aptek və ya market yoxdur. Onun piyada gedəcəyi məsafədə ola bilsin ki, onu təmin edə biləcək ərzaq mağazası yoxdur. Həmin şəxs məcburən avtomobilindən istifadə edərək məsafəni qət edir. Belə hallarda polis məsələyə bir qədər həssas və diqqətli yanaşmalıdır, nəzarəti gücləndirməli, fərdi qaydada məsələni yerində araşdırmalıdır".

Dünyanın başqa ölkələrində proses necədir?

Ərşad Hüseynov qeyd edir ki, dünyanın bəzi ölkələrində bununla bağlı birdəfəlik buraxılışlar hazırlanmaqla problemi aradan qaldırmağa çalışırlar:

"Məsələn, İtaliyada evdən çölə çıxmaq istəyən və şəxsi avtomobilindən istifadə edən şəxslər müvafiq şəkildə bununla bağlı müracət edir. Məsələn, aptekə getməli olduğunu bildirir və icazə alır. İlkin mərhələdə Azərbaycanda bunu operativ şəkildə təşkil etmək çətin olacaq. Həm də insanlar bundan sui-istifadə də edə bilərlər".

Diqqət! Yalnış yanaşma tərzi!

Ekspert sonda qeyd edib ki, izlədiyi televiziya verilişlərinin birində yalnış bir yanaşma tərzinə rast gəlib:

"Orada polis deyir ki, öz avtomobillərinizdən istifadə etmək əvəzinə avtobusla gedin. Bu tamam yalnış ifadədir. Əksinə biz təbliğ etməliyik ki, imkan daxilində hər kəs şəxsi avtomobilindən istifadə etsin. Xüsusilə də həyat əhəmiyyətli obyektlərdə çalışan işçilər, məsələn həkimlər avtobusdan istifadə etdikləri zaman bir çox insanla təmasda olurlar. Belə olduğu zaman onlar virusa yoluxa bilərlər. Əgər həkim yoluxsa, xəstələr də başlı-başına, taleyin ümidinə qalacaqlar. Buna görə də həyat əhəmiyyətli obyektlərdə çalışan işçilərin avtomobilləri yola buraxılmalıdır.

Hansı müəssisələrin servis avtobusları yoxdur, onlar xüsusilə buna diqqət yetirməlidirlər. Avtobuslarla işçilərin işə gedib-gəlməsi təhlükəlidir. Onlar yoluxa və digərlərini yoluxdura bilərlər. Fərdi avtomobildən istifadə bu riski azaldır. Digər vətəndaşlar isə zərurət yaranmadıqca çölə çıxmamalıdırlar. Karantin rejiminin qaydalarına riayət etməlidirlər".