Karantin qaydalarını pozan 1 nəfər həbs edildi, 40 nəfər cərimələndi

2 Aprel 2020 16:01 (UTC+04:00)

Koronavirus pandemiyası ilə mübarizədə əhalinin sağlamlığının qorunması məqsədi ilə ölkə ərazisində elan edilən xüsusi karantin rejiminin pozulması hallarına hələ də rast gəlinir. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, respublikanın şəhər və rayonlarında, o cümlədən paytaxt Bakıda ayrı-ayrı iaşə müəssisələrinin sahibləri müvafiq obyektlər üçün müəyyən edilmiş iş rejimini pozmaqla fəaliyyətlərini davam etdirməyə cəhd göstərirlər.

Həyata keçirilən nəzarət tədbirləri ilə aprelin 1-dən 2-dək olan müddətdə epidemiya əleyhinə rejimi pozan respublika üzrə 41, o cümlədən Bakı şəhərində 10 iaşə obyektinin fəaliyyət göstərməsi faktı aşkarlanıb. Həmin obyekt sahiblərindən 1-i inzibati həbs olunub, 40 nəfəri isə cərimə edilib.