Paşinyan böyük müharibənin təməlini qoya bilər ÖZƏL - MÜNASİBƏT

2 Aprel 2020 15:50 (UTC+04:00)

"2016-cı ilin Aprel döyüşləri vaxtı şəhid olan bütün hərbçilərimizin ruhu şad olsun". Bu sözləri SİA-ya açıqlamasında Milli Məclis deputatı Arzu Nağıyev 2016-cı ilin Aprel döyüşləri, onun xalqımız və dövlətimiz üçün nəticələrindən danışarkən deyib.

O bildirib ki, aprel döyüşləri vaxtı Azərbaycan tərəfi heç bir beynəlxalq norma və prinsipləri pozmayıb. Arzu Nağıyev Azərbaycanın yalnız öz ərazisində iki günlük antiterror əməliyyatları həyata keçirdiyini qeyd edib:

"Bu döyüşlərdən sonra həm ermənilərdə, həm də onların havadarlarında özləri və qondarma hərbi birləşmələri haqqında yaratdıqları mif yerlə-yeksan oldu. Məhz, bundan sonra hərbçilərin həbsləri, korrupsiya faktları ilə bağlı cinayət işləri başladı".

İşğalçılar tərəfindən dinc əhalini gülləbaran edən və mənzillərini dağıdan düşmənə qarşı cavab vermək lazım olduğunu və düşmənin Azərbaycana başqa çarə buraxmadığını vurğulayan siyasətçi bildirib ki, nəticə etibarı ilə çoxsaylı itki verən Ermənistan tərəfi mühüm strateji yüksəklikləri itirdi:

"Bu əməliyyatın araşdırılması nəticəsində erməni rəhbərliyi də çox mühüm vəzifələrini itirdi. Lakin təəssüf hissi ilə qeyd etmək lazımdır ki, bundan da nə ermənilər, nə onların havadarları, nə də ki, beynəlxalq təşkilatlar ən mühümü də ATƏT-in Minsk qrupu ciddi nəticə çıxarmadı. Paşinyan və onun komandası yenə də "Qarabağ kartı"ndan istifadə etməklə öz hakimiyyətini qorumağa çalışır".

Arzu Nağıyev Ermənistan rəhbərliyinin müşahidə mövqeyi tutan cavabdeh beynəlxalq qurumları da sanki saya saymadığını qeyd edib:

"Qazax istiqamətində yayındırıcı və KTMT-ni oyuna qatmaq kimi atılan məkrli planlar, dünyada tüğyan edən koronavirus pandemiyasının guya Dağlıq Qarabağ ərazisində yayılmaması kimi yalan siyasi addımlarla Paşinyan hakimiyyəti başa düşməlidir ki, regionda alovlana biləcək böyük müharibənin təməlini qoya bilərlər".