Əhaliyə sosial dəstək hansı formada veriləcək? ÖZƏL - AÇIQLAMA

2 Aprel 2020 15:22 (UTC+04:00)

"Nağd şəkildə insanlara pul verilə bilər və insanlar həmin pulla müəyyən xərclərini ödəyə bilərlər. Digər tərəfdən ola bilər ki, müəyyən xidmətlərin dövlət büdcəsindən ödənilməsi həyata keçirilə bilər. Bunlar hamısı müzakirə olunan məsələlərdir". Bu sözləri SİA-ya açıqlamasında Milli Məclisin Səhiyyə komitəsinin deputatı Musa Quliyev ölkədə koronavirusla mübarizə fonunda əhalinin maddi rifahının və sosial təminatının yaxşılaşdırılması istiqamətində atılacaq addımları dəyərləndirərkən deyib.

O bildirib ki, koronavirus infeksiyasının qarşısının alınması və virusun törədə biləcəyi fəsadların aradan qaldırılması ilə bağlı kompleks tədbirlər həyata keçirilir:

"Nazirlər Kabineti yanında bununla bağlı Operativ Qərargah fəaliyyət göstərir. Vəziyyət ölkə başçısının nəzarəti altındadır. Prezident ölkə əhalisinin sağlamlığının qorunması, sosial müdafiəsinin təmin edilməsi üçün lazımlı tapşırıqlarını verir. İqtisadiyyat naziri Mikayıl Cabbarovu qəbul edərkən Prezident İlham Əliyev öz tövsiyyələrini verdi və tapşırdı ki, bir nəfər belə işçi ixtisar olunmamalıdır".

Millət vəkili əlavə edib ki, karantin müddəti ərzində iş fəaliyyəti dayandırılmış əhalinin əmək haqları da dövlət tərəfindən təmin ediləcək:

"Sosial müdafiə tədbirləri 4 istiqamətdə görüləcək və bu günlərdə biz aztəminatlı insanların və yaxud iş fəaliyyəti müvəqqəti dayanmış olan insanların, sosial müdafiəyə daha çox ehtiyacı olan şəxslərin dövlət tərəfindən maliyyə dəstəyi ilə təmin olunduğunu görəcəyik".

Onun sözlərinə görə, kommunal xərclərin və enerji daşıyacıları xərclərinin dövlət tərəfindən ödənilməsi məsələsi də prinsip etibarilə müzakirə oluna bilər:

"Bəzi ölkələrdə sosial müdafiə tədbirləri müəyyən xidmətlərin dövlət tərəfindən qarşılanması ilə həyat keçirilir. Azərbaycanda da bu müvafiq formanın seçilməsindən asılı olacaq. Ola bilər ki, nağd şəkildə insanlara pul ayrılsın və insanlar həmin pulla bütün xərclərini ödəsinlər. Digər tərəfdən ola bilər ki, müəyyən xidmətlərin dövlət büdcəsindən ödənilməsi həyata keçirilsin. Bunlar hamısı müzakirə olunan məsələlərdir. Pandemiya ilə mübarizəyə başlanan gündən etibarən Prezident dəfələrlə bildirib ki, bizim üçün əsas olan Azərbaycan əhalisinin sağlamlığı və sosial müdafiəsinin təmin olunmasıdır. Bunun hansı şəkildə həyata keçiriləcəyi dövətin verdiyi qərarlardan asılı olacaq".

Musa Quliyev vurğulayıb ki, 10 milyon əhalisi olan ölkə üçün 1 milyard manat dəyərində dövlət büdcəsindən vəsaitin ayrılması və Koronavirusla Mübarizəyə Dəstək Fondu nəzdində artıq 1 milyona yaxın vəsaitin toplanması çox müsbət bir haldır:

"Dünyanın bir çox ölkələri Azərbaycanın təcrübəsindən yararlanmağa çalışır. Ukrayna böyük bir dövlət olmasına baxmayaraq Azərbaycanın koronavirusla mübarizə tədbirlərinə qibtə ilə yanaşır. Ümumdünya Səhiyyə Təşkilatı koronavirusla mübarizədə Azərbaycanı "10 Ən Uğurlu Ölkə" siyahısında qeyd edir. Təşkilatın rəhbəri də öz təşəkkürünü Prezident İlham Əliyevə məktub şəkildə ünvanladı.

Bütün bunları dünya görür və qiymətləndirir. Biz bu gün hər hansı bir ölkənin müsbət və balanslaşdırılmış təcrübəsindən istifadə edə bilərik. Lakin, bizim bu istiqamətdə tutduğumuz yol daha uğurludur. Konkret olaraq vətəndaşlara maliyyə yardımı göstərmək onların hansı ehtiyacı necə ödəyəcəkləri özlərinin müəyyənləşdirməsinə imkan verəcək"