“Mədəniyyət naminə elm” layihəsi yeni virtual formatda

2 Aprel 2020 16:04 (UTC+04:00)

Konkret sahələrin inkişafında elm və elmi metodların iştirakı artıq müasir dövrün tələbidir. Elmi yanaşmaların geniş tətbiqi, habelə elmi ekspertizanın potensiallarına müraciət konkret sahənin inkişafını sürətləndirməklə yanaşı, onların aktuallığının qorunmasına da xidmət edir. Bu gün dünyada müşahidə olunan pandemiya fəlakəti ümumiyyətlə dövlətlərin davamlı inkişafının təmin olunmasında elmin əhəmiyyətini strateji statusa qədər artırmış olur.

Mədəniyyət Nazirliyinin Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzi mədəniyyət siyasətinin qarşısında duran strateji vəzifələrin həyata keçirilməsində elmi potensialın iştirakının artırılmasına, sahədə çalışan əməkdaşların elmi səviyyəsinin yüksəldilməsinə, habelə təhlil və mütaliə vərdişlərin formalaşmasına xidmət edən "Mədəniyyət naminə elm" layihəsini iki ildən artıq bir müddətdə reallaşdırmaqdadır. Bugünədək seminar 40-dan çox ali təhsil, elmi, mədəniyyət müəssisələrində, muzey və ev-muzeylərində baş tutaraq 5000 nəfərlik auditoriyanı əhatə edib. Layihənin icraatı çərçivəsində 9 yerli, 7 xarici olmaqla, ümumilikdə 16 elm, təhsil və mədəniyyət müəssisələri ilə müqavilə bağlanıb.

SİA-nın məlumatına görə, ölkəmizdə yaranmış mürəkkəb vəziyyətini nəzərə alaraq, habelə əhalinin sosial təcrid şəraitdə evlərində keçirdikləri zamanı məna və maraq ilə doldurulması məqsədilə Mərkəz "facebook" və digər sosial şəbəkələr vasitəsilə, müxtəlif maraqlı və aktual mövzulara həsr olunmuş yerli və xarici tanınmış alimlərin mühazirələrini ictimaiyyətə təqdim edir.

Virtual formatda davam edən "Mədəniyyət naminə elm" layihəsi çərçivəsində milli-mənəvi sərvətlərin qorunması, fəlsəfə, mədəniyyət və ailə, bədii təhsil və müasir tendensiyalar, Azərbaycan mədəniyyətin tarixi, abidələr, mədəniyyət siyasətinin xüsusiyyətləri, ədəbiyyat, mədəniyyətin təbliği, milli mədəniyyətin təbliğində gənclərin rolu, kreativ səriştələr və digər maraq doğura biləcək mühazirələr ictimaiyyətin diqqətinə təqdim olunacaqdır. Xüsusi olaraq qeyd olunmalıdır ki, təqdim ediləcək mühazirələrdən canlı formatında mövzu ilə bağlı açıq müzakirələr də təşkil olunacaqdır.