"Aprel döyüşlərində əldə olunan uğurlar orduya inamı daha da artırdı" RƏY-ÖZƏL

2 Aprel 2020 15:08 (UTC+04:00)

"Bildiyiniz kimi Ermənistan- Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi Ermənistanın Azərbaycana qarşı əsassız iddiaları nəticəsində meydana gəlmişdi. Münaqişəni həll etmək üçün ATƏT-in Minsk qrupu uzun illərdir ki, vasitəçilik missiyasını həyata keçirir. Lakin heç onların vasitəçilik missiyası heç nəticə vermir". Bu fikirləri SİA-ya açıqlamasında Sosial Tədqiqatlar Mərkəzinin Daxili siyasətin təhlili departamentinin baş məsləhətçisi, politoloq İlyas Hüseynov deyib.

O bildirib ki, Azərbaycanla Ermənistan arasında istər dövlət rəhbərləri, istərsə də XİN başçıları səviyyəsində keçirilən görüşlərdə işğalçı ölkənin qeyri-konstruktiv mövqeyi münaqişənin həlli ilə bağı müəyyən razılığa gəlmək mümkün olmur.

Politoloq söyləyib ki, belə olan təqdirdə hərbi əməliyatlar yolu ilə işğal altında olan ərzilərin geri qaytarılması məsələsi gündəmə gəlir: "1994-cü ildə Ümummilli lider Heydər Əliyevin rəhbərliyi altında Horadiz əməliyatı zamanı Azərbaycan itirilmiş torpaqlarının bir hissəsini Füzuli rayonunda qaytara bildi. Bundan bir neçə il ötdükdən sonra 2016-cı ildə aprelin 1-dən 4-nə qədər davam edən Aprel döyüşləri zamanı Azərbaycan ordusu böyük şücaət, əsgərlərimiz, hərbi qulluqçularımız qəhrəmanlıq nümayiş etdirdilər".

İ. Hüseynov qeyd edib ki, bu əməliyyatlar zamanı Azərbaycan əsgərlərinin vətənpərvərliyi ilə yanaşı, ordumuzun maddi-texniki təminatı, müasir silahlarla, gecəgörmə avadanlıqları ilə təchizi burada bizim üstünlüyümüzü bir daha nümayiş etdirdi: "Bununla yanaşı pilotsuz uçan aparatlar, eləcə də digər müasir texniki təchizatlar ordumuza üstünlük qazandırdı. Ona görə də biz streteji nöqtələri ələ keçirdik, bir neçə hektar torpağı geri qayta abildik. Bunun nəticəsində Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndi abadlaşdırıldı, burada məscid, məktəb, yaşayış evləri və digərləri tikildi. Bu Azərbaycanın Ali Baş Komandanı, Prezident İlham Əliyevin Azərbaycan ordusuna göstərdiyi diqqətin, ordunun silahlanması üçün müasir texnikadan istifadə olunmasının labüdlüyünün bir daha dünya ictimaiyyətinə nümayişi idi".

Politoloq qeyd edib ki, Aprel döyüşlərində əldə olunan uğurlar ordumuzun mənəvi psixoloji durumuna müsbət təsir etməklə yanaşı, həm də Azərbaycan xalqının vətənpərvərlik ruhunu daha da yüksəltdi, ordumuza inam daha da artdı: "Ordumuzun Lələtəpə, Talış yüksəkliyi və digər nöqtələri əldə etmək üçün göstərdiyi şücaətin Şuşada, Laçında, Dağlıq Qarabağda təkrar ediləcəyinə inamımız daha da artdı. Aprel döyüşlərdə qəhrəmanlıq göstərən şəhidlərimizi dərin hörmətlə anır, onların ailə üzvlərinə başsağlığı veririk. Onların qəhrəmanlığı müasir Azərbaycan tarixinə qızıl hərflərlə yazılıb".

O vurğulayıb ki, Azərbaycan ordusu aprel döyüşlərində Ermənistan ordusuna sarsıdıcı zərbə vurmaqla yanaşı, işğalçı ölkənin ordusu, silahlanması ilə bağlı gəzən mifi məhv etdi: "Ermənistan rəhbərliyi başa düşdü ki, Azərbaycan ordusu, əsgəri nəyə qadirdir. Bunun ardınca Naxçıvanda Günnüt əməliyyatı uğurla həyata keçirildi. Azərbaycan ordusunun bu gün də mənəvi psixoloji vəziyyəti yüksək səviyyədədir. Ali Baş Komandanın əmrini gözləyən Azərbaycan əsgərləri ayıq-sayıq vətənimizin keşiyində durublar. Aprel döyüşləri bir çox əlamətlərinə görə, mühüm və əhəmiyyətlidir. 4 günlük döyüş müasir Azərbaycan ordusunun, ordu quruculuğunun, dövlətçiliyinin yenidən formalaşmasının, orduya diqqətin artırılmasının əyani göstəricisi kimi tarixə düşdü".