Bu siyasətin prioritetində insan amili dayanır ÖZƏL - AÇIQLAMA

2 Aprel 2020 14:01 (UTC+04:00)

"Bu siyasətin prioritetində insan amili dayanır. Biz bütün bu layihələr və dövlət proqramları həyata keçirilərkən insana olan münasibəti bir daha görmüş olacağıq". Bu sözləri SİA-ya açıqlamasında Teleqraf Media Holdinqin rəhbəri, politoloq Aynur Camalqızı Azərbaycanda koronavirusla mübarizə fonunda dövlət səviyyəsində görülən işləri dəyərləndirərkən deyib.

O bildirib ki, dünya, o cümlədən də Azərbaycan çox təhlükəli bir situasiya ilə üz-üzədir:

"Bütün dünya pandemik virus COVID-19 ilə mübarizə aparır. Azərbaycanda insanların sosial izolyasiyası üçün mümkün olan bütün addımlar atılır. Məhz, bu addımların və qabaqlayıcı tədbirlərin nəticəsidir ki, Azərbaycandakı vəziyyət başqa ölkələrlə müqayisədə kiyafət qədər normaldır və qənaətbəxşdir. Hətta, Ümumdünya Səhiyyə Təşkilatının Baş direktorunun Azərbaycan Respublikasının Prezidenti İlham Əliyeva göndərdiyi məktubda da Azərbaycanda koronavirus əleyhinə görülən işlər və atılan addımlar yüksək qiymətləndirilir".

Koronavirusla mübarizədə ortaya çıxan ciddi məsələlərdən danışan Aynur Camalqızı bunun yalnız Azərbaycan xalqının sağlamlığının qorunması məsələsi olmadığını, xüsusilə də iqtisadi məsələlərlə bağlı məqamlara toxunmaq lazım gəldiyini vurğulayıb:

"Təkcə Azərbaycanda yox, bütün dünyada bu problemlər mövcuddur. Qlobal aləm çox böyük bir iqtisadi tənəzzüllə, iqtisadi böhranla üz-üzədir. Təbii ki, bu vəziyyətdən çıxış yolları axtarılır. Artıq, bu iqtiqamətdə dövlət səviyyəsində addımlar atılır. Koronavirusla mübarizə məqsədi ilə Nazirlər Kabineti yanında Operativ Qərargah, daha sonra Koronavirusla Mübarizəyə Dəstək Fondu yaradıldı. Həm hüquqi, həm də fiziki şəxslər tərəfindən bura ianələr edilir. İlk növbədə də Azərbaycan Prezidenti İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva özlərinin bir illik maaşlarını həmin Fonda ianə olaraq köçürdülər. Görülən bütün tədbirlər göz qabağındadır və təqdirəlayiqdir".

Media rəhbəri əlavə edib ki, məsələnin iqtisadi tərəfləri istiqamətində ölkədə kordinal addımlar atılır və Prezident İlham Əliyevin İqtisadiyyat naziri Mikayıl Cabbarovu qəbul edərkən etdiyi çıxış da buna bariz nümunədir:

"Prezident İlham Əliyev bildirdi ki, bizim üçün prioritet məsələ insanların sağlamlığı, təhlükəsizliyi və rifahıdır. İndi insanlar bu pandemik virusun yayılmaması üçün işə getmir və özlərini sosial cəhətdən izolyasiya ediblər. Təbii ki, dövlət müəssisələrində çalışan insanlar bu izolyasiya dövründə öz aylıq maaşları alacaqlar. Lakin, günə muzdlu çalışan insanlar da var ki, fəaliyyət göstərdikləri şirkətlər və ictimai iaşə obyektləri işləmədiyinə görə onların gəlir əldə etməsi də mümkünsüzləşib. Dövlət demək olar ki, bu məsələni bütünlüklə öz üstünə götürüb. Həmin insanların, söhbət 342 mindən artıq insandan gedir, onların dövlət hesabına maliyyələşməsi, işləmədikləri bu dövrdə ailələrini təmin edə bilsini üçün imkanlar yaradılıb. Bu istiqamətdə kommunal ödənişlərin azaldılması, bank kreditləri ilə bağlı atılacaq addımlar iqtisadi sektora və sahibkarlığa dövlət dəstəyinin sistemli, davamlı və ardıcıl şəkildə həyata keçirilməsinin nümünəsidir".

Aynur Camalqızı bildirib ki, Azərbaycan dövlətinin bu pandemik virusla necə əzimlə mübarizə apardığını görürük və bunu yüksək qiymətləndiririk, həmçinin iqtisadi sferada da həyata keçiriləcək islahatların müsbət səmərəsini görəcəyik.