“Aprel–2016” virtual layihə FOTOLAR

2 Aprel 2020 15:40 (UTC+04:00)

Bakı Şəhər Mədəniyyət Baş İdarəsi Yasamal rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin (MKS) M.Ş.Vazeh adına Mərkəzi Kitabxanası Rusiya Federasiyası Orenburq Vilayətinin model kitabxanası ilə birgə "Aprel – 2016" adlı bilinqvistik virtual layihə reallaşdırıb. SİA-nın məlumatına görə, Aprel döyüşlərinin dördüncü ildönümünə həsr olunmuş Azərbaycan və rus dillərində hazırlanmış interaktiv plakat Vikipediyadan götürülmüş "Aprel döyüşləri" rubrikası ilə başlanır. Burada 2016-cı ildə işğaldan tam, yaxud qismən azad olunan Azərbaycan kənd və yüksəkliklərinin xəritəsi verilib.

İkinci sütunda rus dilində Vikipediyadan götürülmüş "Вооружённые столкновения в Нагорном Карабахе (2016)" ("Dağlıq Qarabağda silahlı toqquşma (2016)") sərlövhəli material yerləşdirilib. Həmin sütunda "2016-cı ildə şəhid olmuş Azərbaycan oğulları" "YouTube" kanalındakı film də öz əksini tapıb. Burada, Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğurunda canından keçən şəhidlərin siyahısı verilib, həmçinin Aprel döyüşlərində şəhid olmuş igid Azərbaycan oğulları, onların keçdiyi döyüş yolları haqqında ətraflı məlumatlar əks olunub.

İnteraktiv plakatda Aprel döyüşləri, Aprel müharibəsi və ya dördgünlük müharibə haqqında məlumatlar, 2016-cı il 2-5 aprel döyüşləri zamanı şəhid olmuş Milli qəhrəmanlar Murad Mirzəyev, Şükür Həmidov və Samid İmanov haqqında interaktiv plakatda ətraflı məlumatlar yer alıb.

Dördüncü sütunda rus dilində "YouTube" kanalındakı "Azərbaycan heç vaxt torpaqlarının işğalı ilə barışmayacaq" adlı film verilib.

"Aprel döyüşləri – 2016. Lələtəpə" markalar və zərflər haqqında rus dilində məlumat verilib. Burada qeyd olunub ki, Aprel döyüşlərinə həsr olunmuş 24 min tirajla marka buraxılmışdır. Hər markanın ölçüsü 40x28 mm-dir.

İnteraktiv plakat rus dilində "Aprel döyüşləri – müasir Azərbaycan tarixinin ən uğurlu hərbi əməliyyatlarından biridir" adlı materialla yekunlaşır. Təqdim olunan material "Azərbaycan ordusu" qazetindən götürülərək armiya.az saytında yerləşdirilib.

Aprel döyüşlərinin dördüncü ildönümünə həsr olunmuş Azərbaycan və rus dillərində hazırlanmış interaktiv plakat bir sira MDB kitabxanalarına göndərilib.