Rəsmi Pekin ABŞ-ın Çin istehsalı olan maskalardan imtinasına münasibət bildirib

2 Aprel 2020 00:20 (UTC+04:00)

Rəsmi Pekin ABŞ-ın Qida və Dərmanların Keyfiyyətinə Nəzarət Administrasiyasının (FDA) Çin istehsalı olan KN95 maskalarının ölkəyə buraxılması ilə bağlı imtinaya münasibət bildirib.

SİA xəbər verir ki, Çin Xarici İşlər Nazirliyinin rəsmisi xanım Xua Çunin müxtəlif ölkələrdə tibbi məhsulların standartlaşdırılmasının fərqlənə biləcəyini, amma bunun yeni növ koronavirus (COVID-19) pandemiyası ilə mübarizədə əməkdaşlığa təsir etməməli olduğunu deyib.

Yüksək qoruyucu qabiliyyəti olan N95 respirator maskalarının Çin alternativi olan KN95 maskalarını FDA-nın niyə rədd etməsini anlaya bilmədiyini deyən diplomat, hazırda bütün dünyada maskalara böyük tələbat yarandığını, Çin şirkətlərinin istehsalı olan maskaların yerli tələbatı ödəməklə yanaşı, digər ölkələrin pandemiya ilə mübarizəsini gücləndirdiyini söyləyib.

Qeyd edək ki, FDA ölkədə tibbi qoruyucu vasitələrə olan ehtiyacı ödəmək üçün Avropa İttifaqı və 5 başqa ölkənin istehsalı olan sertifikatlaşdırılmış respirator maskalarının istifadəsinə razılıq verib. Amma bu icazə Çin istehsalı KN95 maskalarına aid edilməyib. İdxalçı şirkətlər FDA-nın razılığı olmadan Çindən KN95 maskalarını sifariş etməyə çəkinirlər. Birləşmiş Ştatlardakı bəzi xəstəxanalar isə FDA-nın razılığı olmadığı üçün hətta ianə formasında da həmin maskaları qəbul etməkdən imtina edirlər.

Federal hökumət bu yaxınlarda COVID-19 pandemiyası ilə mübarizədə ölkədə 3,5 milyard ədəd maskaya ehtiyac olacağını proqnozlaşdırıb.