BDYP Bakı-Sumqayıt yolunda yaranmış sıxlığa aydınlıq gətirdi FOTO

1 Aprel 2020 15:40 (UTC+04:00)

Baş Dövlət Yol Polisi İdarəsi Bakı-Sumqayıt yolunda yaranmış sıxlığa aydınlıq gətirib.

SİA-nın məlumatına görə, İdarənin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis polkovniki Kamran Əliyev açıqlamasında bildirib ki, Nazirlər Kabineti yanında Operativ Qərargahın tətbiq etdiyi xüsusi karantin qaydalarına əsasən, ölkə ərazisində koronavirusla mübarizə çərçivəsində ciddi zərurət olmadan şəxsi avtomobillərdən istifadə etməmək tövsiyə edilsə də vətəndaşlar bu qaydalara əməl etmirlər: "Vətəndaşlar zərurət olmadığı halda şəxsi avtomobillərlə yollara çıxırlar. Bu hal ölkə ərazisində virusun yayılmasına şərait yaradır. Ona görə də yol polisləri sürücüləri bir-bir yoxlayır. Sıxlığın yaranmasına səbəb də polis əməkdaşlarının avtomobilləri yoxlamasıdır".

Qeyd edək ki, bu gün Bakı-Sumqayıt yolunun Masazır dairəsindən keçən hissəsində avtomobillərin hərəkətində sıxlıq müşahidə olunub. Sıxlığa dairədən şəhər istiqamətində yolda hərəkətin məhdudlaşdırılması və hər bir sürücünün yoxlanılaraq buraxılması səbəb olub.