Dağlıq Qarabağda "seçkilər" separatçılara ölümcül zərbə oldu - AÇIQLAMA

1 Aprel 2020 12:41 (UTC+04:00)

"Dağlıq Qarabağ münaqişəsi ilə əlaqədar təhlillərin səviyyəsi bir qədər aşağı düşüb. Dağlıq Qarbağda seçkilərin təxirə salınması ilə əlaqədar bir sıra səhv yanaşmalar var. Əksinə Dağlıq Qarabağda "seçkilər"in indi keçirilməsi separatçılara ağır zərbə oldu. İlk dəfədir ki, Dağlıq Qarabağda keçirilən "seçkilər"də xarici ölkədən bir nəfər jurnalist və yaxud bir nəfər belə müşahidəçi iştirak etməyib. Hətta ATƏT-in monitorinq missiyası Dağlıq Qarabağ regionunu tərk edib". Bunu SİA-ya açıqlamasında politoloq Mübariz Əhmədoğlu deyib.

Onun sözlərinə görə, "seçklər"i təxirə salıb 6 ay sonra keçirsəydilər, Amerikanın bir sıra ermənipərəst konqresmenləri, həmçinin mətbuat agentlikləri, Rusiyanın, Fransanın jurnalistlərinin iştirak etməsi əslində ürəkaçan olmazdı: "Düşünürəm ki, orada hazırda "seçkilər"in keçirilməsi yaranmış reallıqda Azərbaycanın maraqlarına ən çox cavab verən oldu. İlk dəfədir ki, həmin "seçki" ancaq yerli ermənilərin iştirakı ilə keçirilib. Bu o deməkdir ki, orada keçirilən seçkilərdən sonra prezident elan edilsə də, həmin şəxsin heç bir hüququ olmayacaq. Keçirilən bu seçkilərin bizim üçün daha böyük əhəmiyyəti beynəlxalq ictimaiyyətin açıqladığı mövqeyidir. ATƏT-in Minsk Qrupunun həmsədrlərinin və həmçinin Avropa İttifaqının açıqladığı mövqe, əvvəlki seçkilərdə açıqladığı mövqedən fərqlidir və fərq ermənilərin əleyhinədir".

Politoloq qeyd edib ki, Avropa İttifaqı bəyanatında aşkar şəkildə vurğulayıb ki, status-kvodan kənar dəyişikliyi dəstəkləyəcəyik: "Yəni hökmən Dağlıq Qarabağ məsələsinin həllinə başlanılmalıdır. Yaxud ATƏT-in Minsk Qrupunun həmsədrləri 9 mart bəyanatında əhalinin rolundan danışırlar. Burda isə ATƏT-in Minsk Qrupunun həmsədrləri ermənilərə deyirlər ki, Dağlıq Qarabağın taleyini burada faktiki yaşayan ermənilər təkbaşına həll edə bilməz. Dağlıq Qarabağ əhalisi dedikdə Dağlıq Qarabağın azərbaycanlı və erməni icmalarının hər ikisi nəzərdə tutulur. Yəni bu seçki əhəmiyyətsiz seçkidir. Dağlıq Qarabağda seçki o zaman seçki hesab olunacaq ki, orada Dağlıq Qarabağın erməniləri ilə yanaşı, azərbaycanlıları da iştirak etsin. Bütün bunları nəzərə alaraq bu nəticəyə gəlmək olar ki, hazırki epidemiyanın yayıldığı bir məqamda orada seçkilərin keçirilməsi Azərbaycanın maraqlarına tam uyğundur".