Millət vəkili: "Dövlət vətəndaşına sahib çıxır" ÖZƏL - AÇIQLAMA

1 Aprel 2020 12:01 (UTC+04:00)

"Bütün bu layihələr əslində belə çətin vəziyyətdə gerçəkləşdirilirsə, bunlar hamısı dövlətin gücünün və vətəndaşa qayğısının göstəricisidir". Bu sözləri SİA-ya açıqlamasında Milli Məclis deputatı Fazil Mustafa Prezident İlham Əliyevin ölkə iqtisadiyyatını böhrandan qorumaq üçün verdiyi tapşırıqlar və Azərbaycan Respublikasının İqtisadiyyat naziri Mikayıl Cabbarovu qəbul etdiyi zaman bu istiqamətdə müzakirə olunan məsələlərə münasibət bildirərkən deyib.

Fazil Mustafa dövlət tərəfindən atılan addımları müsbət dəyərləndirdiyini bildirib və bunun dövlətin vətəndaşına sahib çıxdığının bir göstəricisi olduğunu qeyd edib: "Azərbaycan Respublikasının İqtisadiyyat naziri də bildirdi ki, 4 mindən artıq muzdlu işçinin maddi rifahını yaxşılaşdırmaq üçün minimumlarla təmin ediləcəklər. Bu dövlət tərəfindən atılan müsbət bir addımdır və dövlətin vətəndaşa sahib çıxdığını göstərir. Prezidentin vətəndaşların vəziyyətinə nə qədər həssas yanaşdığını göstərir. Son vaxtlar qəbul olunan qərarlar da istər vətəndaşlarımızın xaricdən ölkəyə təxliyə edilməsi, bütün hallarda insanlarımızın sıxıntıdan qurtarılması istiqamətində atılan addımlar, vətəndaşlara müavinətlərin verilməsi və başqa bu tip məsələlər öz həllini tapmaqdadır. Ümid edirəm ki, bu cür yanaşma Azərbaycan vətəndaşlarının çətin vəziyyətdən xilas olmasına köməklik göstərəcək".

Millət vəkili son bir ay ərzində koronavirusla mübarizə fonunda aparılan sosial layihələrin önəmindən də danışıb: "Həyata keçirilən sosial layihələr hazırkı dövr üçün böyük əhəmiyyət daşıyır. Hazırda işləməyən insanlar üçün bu tip layihələr həyata keçirilməlidir ki, əhalini düşdüyü vəziyyətdən çıxarmaq gələcəkdə mümkün ola bilsin. Ən azından vətəndaş özünün müəyyən mənada yaşaması üçün vacib olan və gündəlik həyatda ortaya çıxan problemləri həll etmək iqtidarında və imkanında olsun. Bütün bu layihələr əslində belə çətin vəziyyətdə gerçəkləşdirilirsə bunlar hamısı dövlətin gücünün və vətəndaşa qayğısının göstəricisidir".

Koronavirusla mübarizə fonunda ölkədə elan olunan karantin rejiminə vətəndaşların hansı dərəcədə riayət etdiyi məsələsinə də toxunun millət vəkili bildirib ki, insanların hamısından eyni məsuliyyəti tələb etmək olmaz və bununla bağlı dövlət öz üstünə düşəni edir, həmçinin məsuliyyətli vətəndaşlar da öhdəliyinə düşənlərə riayət edir: "Əsas olan odur ki, dövlət bununla bağlı müvafiq tədbirlər görür. Məsuliyyətsiz vətəndaşlar isə hüquqi cəhətdən müvafiq qaydalara riayət etmədiyi zaman cəzalandırılırlar. Düşünrəm ki, məsuliyyətli insanların səyləri və köməyi nəticəsində bu vəziyyyətdən çıxa bilərik".