“İşğal və soyqırım ittihamları Ermənistana qarşı daima irəli sürülməlidir” ŞƏRH-ÖZƏL

1 Aprel 2020 10:32 (UTC+04:00)

"31 mart Dünya Azərbaycanlılarının Soyqırımı günü xalqımızın tarixində həqiqətən də ən faciəli günlərdən birinin ildönümü kimi xatırlanır. Həmin gün minlərlə azərbaycanlı, eləcə də Azərbaycanda yaşayan digər millətlərin nümayəndələri soyqırıma məruz qalmış, uşaq, qadın, ahıllar da daxil olmaqla vəhşicəsinə qətlə yetirilmiş, şikəst edilmişlər. Bu tarix heç vaxt bizim yaddaşlardan silinməyəcək. Təəssüf ki, mənfur düşmən elə ötən əsrin əvvəllərində olduğu kimi sonlarında da bizə qarşı eyni amansızlıqla soyqırım törətmiş, lakin bu soyqırım dünya ölkələri tətəfindən yetərincə qiymətləndirilməmişdir". Bu fikirləri SİA-ya açıqlamasında politoloq Nəzakət Məmmədova deyib.

O bildirib ki, 31 mart soyqırımını törədən cinayəkarları təbii ki, mühakimə etmək mümkün deyil, lakin onların Köçəryan, Sarkisyan və digər qatil varisləri, hansı ki, Xocalı və digər faciələri törədiblər, bizim müasirimizdirlər.

Poltoloq söyləyib ki, Azərbaycan xalqı gec-tez Ermənistanda uzun illər cinayətkar rejimin başçısı olmuş Sarkisyanın beynəlxalq ədalət tribunalına verilməsinin və mühakimə olunacağının şahidi olacaq: "Bunun üçün əlverişli hüquqi əsaslar və lazım olan siyasi zəmin var. Onun çevriliş yolu ilə hakimiyyətdən uzaqlaşdırılması isə bu prosesi sürətləndirə bilər. Dünya tarixində son onilliklərdə onlarla, yüzlərlə misal çəkə bilərik ki, bu cür müharibə cinayətkarları qanuni cəzalarını alıblar. Xüsusilə, İkinci Dünya müharibəsindən sonra BMT-nin Beynəlxalq Ədalət Məhkəməsinin yaradılması, Rafael Lemkin tərəfindən soyqırım cinayətinin bəşəriyyətə qarşı cinayət kimi təsbit olunması və bu barədə müvafiq konvensiyanın, normativ-hüquqi bazanın yaradılmasından sonra müharibə cinayətkarları, soyqırım törədənlər məsuliyyətə cəlb olunmağa başladılar. Nürmberq prosesində faşist müharibə caniləri, bəşəriyyətə qarşı cinayətlər etmiş onlarla şəxs layiq olduğu cəzalara məhkum edilib".

N. Məmmədova qeyd edb ki, Ermənistan həm ötən əsrin əvvəllərində, həm sonlarında azərbaycanlılara qarşı törətdiyi cinayətlərə görə üzr istəməli, təzminat ödəməlidir: "Necə ola bilər ki, ermənilər 1915-ci ildə Türkiyə ilə onun etmədiyi cinayətə görə soyqırım davası edirlər, amma bizə qarşı bir əsrdə iki dəfə törətdikləri soyqırıma görə biz səssiz qalaq?! Biz dünyanın hər yerində Ermənistanı işğalçı siyasəti ilə yanaşı soyqırım törətməkdə də ittiham edərək, onu ifşa etməliyik. İşğal və soyqırım ittihamları Ermənistana qarşı daima yanaşı şəkildə irəli sürülməli, bu sahədə iş mütəşəkkil, sistemli xarakter daşımalıdır".