İcra başçısı Lənkəranda karantin rejiminin icrası vəziyyəti ilə tanış olub

31 Mart 2020 15:04 (UTC+04:00)

Koronavirusun (COVID-19) yayılmasının qarşısının alınması məqsədilə Nazirlər Kabineti yanında Operativ Qərargahın tələb və tövsiyələrinə uyğun olaraq Lənkəran şəhərində və bütövlükdə rayon ərazisində təxirəsalınmaz, qabaqlayıcı tədbirlər davam etdirilməkdədir. SİA-nın məlumatına görə, həyata keçirilən tədbirlərlə yerindəcə tanış olmaq məqsədilə Şəhər İcra Hakimiyyətinin başçısı Taleh Qaraşov şəhərin park və bağlarını gəzib, sakinlərə çağırış edərək onlara karantin rejiminin tələblərinə ciddi şəkildə əməl etməyi və ehtiyac olmadığı təqdirdə evdən çıxmamağı tövsiyə edib.

Əhalinin maarifləndirilməsi məqsədilə Şəhər İcra Hakimiyyəti aparatının, İnzibati Ərazi Dairələri nümayəndəliklərinin, bələdiyyələrin, polis orqanlarının və digər qrumların nümayəndələrindən ibarət yaradılmış 750 nəfərlik mobil qrupun bir qrup üzvu ilə görüşən İcra başçısı onlara bir daha əhali arasında fərdi qaydada izahetmə işlərini gücləndirməsi ilə bağlı tövsiyə və tapşırıqlarını verib.

İcra başçısı həmçinin şəhər ərazisində çoxmənzilli yaşayış evlərində, binaların ümumi istifadə yerlərində, girişlərində, pilləkən və həyətlərində məişət tullantılarının atıldığı konteyner meydançalarında, küçə və prospektlərdə, parklarda, avtobus dayanacaqlarında həyata keçirilən dezinfeksiya tədbirləri ilə də tanış olub, müvafiq qurumların rəhbərlərinə tapşırıqlarını verib.

Sərraf Talıbov