"Bizim məsuliyyətsizliyimiz yaxınlarımız, ailə üzvlərimizin itkisinə səbəb ola bilər" ŞƏRH-ÖZƏL

31 Mart 2020 14:06 (UTC+04:00)

"Bu gün bütün dünya, bəşəriyyət, insanlıq koronavirus adlı qlobal təhlükə ilə üz-üzə dayanaraq onunla mübarizə aparır. Qısa müddət ərzində dünyada çox böyük itkilərin olduğunu görür, yoluxma hallarının 1 milyona yaxınlaşdığını müşahidə edirik". Bu fikirləri SİA-ya açıqlamasında Milli Məclisin deputatı Məlahət İbrahimqızı deyib.

O bildirib ki, ən təhlükəli məqamlardan biri xəstəliyin sürətlə yayılmasıdır: "Bu mənada Azərbaycan vətəndaşları, eləcə də hər kəs vəziyyətin nə dərəcədə mürəkəb olduğunu bilməlidir. Bu gün dünya alimləri belə virusun epidemiologiyasını tədqiq edə bilmir, konkret fikirlər irəli sürmürlər. Ümümdünya Səhiyyə Təşkilatı tərəfindən elan olunan pandemiya dünyada nə varlı, nə kasıb, nə güclü, nə zəif ölkə, nə yoxsul, nə də imkanlı insan, ümumiyyətlə sərhəd tanımır. Ona görə də bütün dünya ölkələri virusla mübarizədə özünə qapanaraq sərhədləri daxilində tədbirlər həyata keçirir. Hər bir ölkə öz vətəndaşına məsuliyyət daşıdığı üçün bütün resurslarını ortaya qoymaqla, imkanları daxilində epidemiyanın qarşısını ala bilsin".

Deputat söyləyib ki, dünya ölkələrinin hazırda əsas məqsədi ən az zərər, itki, yoluxma ilə virusdan yaxa qurtarmaqdır: " Lakin burada təkcə dövlətlər, hökumətlər tərəfindən görülən işlər, atılan addımlar yetərli deyil. Burada hər bir vətəndaş, ictimaiyyətin qatqısı olmasa ölkələr virusun öhdəsindən gələ bilməyəcək. O ölkələrdəki xəstəliyə qarşı hökumətlə ictimaiyyət birgə fəaliyyət göstərmir, orada itki, yoluxma halı daha çox olacaq".

Azərbaycan xalqının da dünyada gedən proseslərlə bağlı geniş məlumata malik olduğunu deyən M. İbrahimzıqı qeyd edib ki, bu gün hər kəsin sosial şəbəkələr, müxtəlif informasiya mənbələrindən məlumat almaq imkanları genişdir: "Biz televiziya, mətbuat vasitəsilə dünyada ölüm və olum arasında mübarizə aparan ABŞ, İtaliya, İspaniya və digər inkişaf etmiş ölələrdəki vəziyyəti görürük. Ona görə də bizim hər birimiz Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən verilən tapşırıqlara, aparılan mübarizəyə dəstək verməliyik. Əks halda bizim məsuliyyətsizliyimiz yaxınlarımız, ailə üzvlərimizin itkisinə səbəb ola bilər".

Millət vəkili vurğulayıb ki, koronavirus epidemiyası ölkəmizdə yayılmamışdan öncə Azərbaycan dövləti tərəfindən mümkün olan addımlar atılır: "Yoluxma eləcə də, ölüm hallarının az olması istiqamətində lazımi işlər görülür. Bu gün ən vacib məsələlərdən biri hər kəsin verilən tapşrıqlara əməl etməsidir. Hər gün Operativ Qərərgah tərəfindən mövcud vəziyyətlə bağlı məlumatlar verilir. Lakin çox təəssüf ki, bu gün cəmiyyətimizdə Prezident İlham Əliyevin "Evdə Qal" çağırışına riayət etməyənlər var. Ölkəmizdə ciddi karantin rejimi elan edilsə də, bu qaydalara əməl etməyənlərə də rast gəlinir. Baxmayaraq ki hər kəsə "evdə qalmağınız sizin həyatda qalmağınızdır" kimi çağırışlar edilir, amma hələ də karantin rejimini pozanların sayı yetərincədir".

Milli Məclis üzvləri tərəfindən karantin rejiminə ciddi əməl olunduğunu bildirən M. İbrahimqızı deyib ki, parlamentin ötən gün keçirilən iclas bunu bir daha sübut etdi: "Deputatlar yalnız zərurət yarandığı halda Milli Məclisə gedir, vacib qanunların qəbulu prosesində iştirak edirlər. Biz ötən il əhalimizin sayının 10 milyona çatmasını çox qürurla qeyd etdik. Lakin biz bu epidemiyanın qarşısının alınmasında öz məsuliyyətimizi dərk etməsək, o zaman əhalimiz ciddi itki verə bilər. Əziz böyüklərimiz, seçicilərimiz, bacı və qardaşlar, ölkə vətəndaşları Azərbaycan hökuməti virusun kökünü kəsmək istiqamətində görülən işlərdə nə qədər məsuliyyətlidirsə, sizin də bir o qədər məsuliyyətiniz var. Hər birimizin məsuliyyətimiz hökumətin məsuliyyəti qədərdir. Ona görə də sizdən milli birlik göstərməyinizi xahiş edirəm. Necə ki, koronavirusa qarşı mübarizə məqsədilə yaradılan Fonda təqaüdçü, tələbə, Qarabağ qazisi, şəhi ailəsi belə öz qatqısını edir. Bu gün hər birimiz Operativ Qərargahın qəbul etdiyi qərar və qaydalara yüksək səviyyədə riayət etməliyik. Əziz dostlar bir daha xahiş edirəm ki, evdə qalın. Evdə qalın ki, həyatda qalaq. Evdə qalaq ki, Azərbaycanımız var olsun, xalqımız, millətimiz yaşasın!".

Deputat əlavə edib ki, bu gün koronavirus Azərbaycanda da pik zirvəsinə doğru gedir: "Bu o deməkdir ki, biz getdikcə daha çox itki verə bilərik. Bunun qarşısının alınması üçün biz bu zənciri qırmalıyıq. Millətimiz, genefonumuz naminə evdə qalmalı, yalnız zəruri ehtiyaclarımızı ödəmək üçün evdən çıxaraq heç kimlə kontaktda olmadan, sosial məsafəyə riayət etməklə qısa müddətə evə qayıtmalıyıq".