“Biz birlikdə güclüyük!”dən hansı nəticəni çıxarmalıyıq? SOS!

31 Mart 2020 12:43 (UTC+04:00)

Yalnız vətəndaş məsuliyyəti, milli birlik və həmrəylik faktoru çətin sınaq üzərindəki qələbəni şərtləndirə bilər!

Bütün dünyada olduğu kimi, Azərbaycan da bəşər övladına meydan oxuyan COVID-19 adlandırılan amansız və təhlükəli infeksiyaya – koronavirusa qarşı mübarizə aparmaqdadır. Qobal pandemiya mühiti demək olar ki, hər gün yüzlərlə insanın həyatına son qoyur, virusa yoluxanların sayı isə durmadan artır. Məhz belə bir vəziyyətdə artıq bütün dünyada evdə qalmaq və həyatı qorumaq üçün müxtəlif şüarlar səsləndirilir, təbliğatlar aparılır.

Dövlət lazımi tədbirlərini ən yüksək səviyyədə həyata keçirsə də...

Azərbaycanda da "Evdə qal, Azərbaycan!" və "Biz birlikdə güclüyük!" şüarları vətəndaşların üzərinə böyük məsuliyyət qoyur, təhlükənin aradan qaldırılması istiqamətində bütün imkanlardan maksimum istifadə edilir, o cümlədən, dövlət də vətəndaşının mühafizəsi üçün müvafiq addımlarını atır. Lakin dövlət lazımi tədbirlərini ən yüksək səviyyədə həyata keçirsə də, təəssüf ki, bir sıra məsuliyyətsiz vətəndaşlar hələ də vəziyyətin ciddiliyini ya anlamır, ya da anlamaq istəmirlər.

Yeri gəlmişkən, Prezident İlham Əliyev bu xüsusda dəfələrlə bəyan edib ki, Azərbaycan dövləti daim öz vətəndaşının yanındadır və koronavirusun aradan qaldırılması üçün vətəndaş da dövlətinə dəstək olmalı, qoyulan tələblərə riayət etməlidir. Bu, ən sadə və optimal çıxış yollarından biridir ki, insanlar evlərində qalmalı, özlərinin, ətraflarının sağlamlıqlarının müdafiəsi üçün sınaqdan üzüağ çıxmalıdır. Təəssüf ki, buna məhəl qoymayanlar bütövlükdə cəmiyyətin həyatını kəskin risk altında qoyurlar. Halbuki Nazirlər Komitəsinin yanında operativ qərargah hər gün fəsadlar barədə məlumatlar verir, əhaliyə xəbərdarlıqları çatdırır. Xüsusilə, martın 29-da və 31-də tətbiq edilən ciddi karantin rejiminə keçidin bəyan olunması artıq birmənalı olaraq, üzərlərindəki məsuliyyəti dərk etməyən şəxslərin diqqətinə almalıdır!

Bu kimi çoxsaylı faktlar da bizləri – səni, məni, onu dərin şəkildə düşündürməlidir ki...

Artıq paytaxt və bölgələrimizdə kütləvi və geniş miqyaslı dezinfeksiya işləri aparılır və eyni zamanda həkimlərimiz, polislərimiz xalqın xidmətində dayanaraq, belə bir çətin vəziyyətdə vəzifələrinin öhdələrindən gəlirlər. Sosial şəbəkələrdə, mediada onların fəaliyyətlərinin görünməyən tərəfləri ictimailəşdirilir, insanlıq qarşısındakı fədakarlıqları barədə hadisələr diqqətə çatdırılır. Məhz bu kimi çoxsaylı faktlar da bizləri – səni, məni, onu dərin şəkildə düşündürməlidir ki, axı bütün bunlar bizə görə edilir, həyat riskinə və s. təhlükələrə rəğmən!

Bu gün ölkəmizdə mövcud olan epidemioloji durum dünyada da eynilik təşkil edir və hər bir ölkədə karantin rejimi mövcuddur. O cümlədən, xarici ölkələrdə yaşayan soydaşlarımızın, tələbələrimizin, müxtəlif sahələrdə fəaliyyət göstərən iş adamlarının vətənə geri gətirmələrinin ardınca, onların 14 günlük karantində saxlanılması həm də testlərdən keçirilməsi yoluxucu infeksiyanın qarşısının alınması üçün atılan mühüm addımlardır. Digər ölkələrdən fərqli olaraq, Azərbaycanda karantin rejimində saxlanılan insanlarımız üçün ən mükəmməl şəraitlər yaradılıb. Artıq bu günə qədər onlarla vətəndaşlarımız rejimi keçərək, evlərinə buraxılıblar.

Bəs digər ölkələrdə kritik vəziyyət nə yerdədir?

Bəs yaxın və uzaq xarici ölkələrdə vəziyyət necədir? Çünki bildiyimiz və müxtəlif xəbərlərdən əldə etdiyimiz informasiyalara görə, hətta ən aparıcı dövlətlərdə kifayət qədər gərginliklər yaşanır. ABŞ-da yaşanan kritik vəziyyət Nyu-York ştatında vahiməli görüntülərə səbəb olub. Belə ki, ştatın mərkəzi hissələrində gözlənilən ölüm hallarına görə daşınan morqlar qurdaşdırılıb. Çünki xəstəxanalar və onların nəzdindəki morqlar buna davam gətirə bilmir. İtaliyada, İspaniyada, Fransada, Almaniyada və s. Avropa ölkələrindəki vəziyyət barədə də hər kəs məlumatlıdır. Xüsusilə İtaliya və İspaniyada xəstəxana palataları dolduğuna görə, xəstələr dəhlizərdə müalicə almaq məcburiyyətindədirlər. O cümlədən, həyatlarını itirənlərin dəfn olunması belə, ciddi problemə çevrilib. Latın Amerikası ölkələrində - Braziliyada, Kolumbiyada və s. ölkələrdə ərzaq çatışmazlığı yaranıb və insanlar marketlərə, ərzaq bazalarına, habelə ərzaq daşıyan maşınlara hücum edərək, onları talan etmək məcburiyyətində qalıblar.

İnsanların karantin, eləcə də fövqəladə vəziyyətlərə riayət etməmələrinə görə ən sərt tədbirlərə, silaha belə əl atılır. Hindistanda, Çində və s. ölkələrdə hətta zor gücü tətbiq edilir, həbsər keçirilir və s.

Dövlətimizin gördüyü təxirəsalınmaz işlər sayəsində vətəndaşların gündəlik qida və s. təminatlarını yüksək səviyyədə reallaşdırmaqdadır

Azərbaycanda isə öncədən görülən tədbirlər bütün bu kimi vəziyyətlərin yaşanmaması üçün bütün şəraitləri yaradıb. Ərzaq dükanlarında, marketlərdə hər zaman olduğu kimi bolluq və çeşidlik mövcuddur. Bu baxımdan, dövlətimizin gördüyü təxirəsalınmaz işlər sayəsində vətəndaşların gündəlik qida və s. təminatlarını yüksək səviyyədə reallaşdırmaqdadır. Təbii ki, vətəndaşlar da bunları qavramaqla dövlətinə virusla mübarizədə tələb edilən qaydalara əməl etməklə dəstək dayanmalıdırlar.

Yoluxma və ölümlərin sayı artır, bundan sonra da çoxalacağı ehtimal olunur - hər evdən çıxma, hər bir kənar şəxslə təmas infeksiyaya yoluxma və ölüm deməkdir!

Ölkə və vətəndaşlar real təhlükə mərhələsinə qədəm qoyub. Bu baxımdan, "Biz birlikdə güclüyük!" şüarı gündəlik həyatımızın ən vacib amilinə çevrilib. Əks halda, qaydalara məhəl qoymayanları da ciddi cəza tədbirləri gözləyə bilər. Hər kəs anlamalıdır ki, koronavirusla bağlı vəziyyət ən pis ssenari üzrə inkişaf edir və məsuliyyətsiz davranılacağı, qaydalara riayət olunmayacağı təqdirdə daha da pisləşə bilər. Sirr deyil ki, yoluxma və ölümlərin sayı artır, bundan sonra da çoxalacağı ehtimal olunur. Hər evdən çıxma, hər bir kənar şəxslə təmas infeksiyaya yoluxma və ölüm deməkdir. O cümlədən, hər bir məsuliyyətsiz davranma, hər bir qayda pozuntusu xəstələnmək və öz həyatını, ətrafını risk altına atmaq mənasındadır. Sağlam olmaq, belə bir vəziyyətdən salamatlıqla qurtarmaq isə, hər bir vətəndaşımızın haqqıdır və bu haqları pozanlar əlbəttə ki, qanunlarımız qarşısında mütləq cavab verməli olacaqlar!

Rövşən NURƏDDİNOĞLU