Xırdalanda Nizami Gəncəvi küçəsinin təmiri yekunlaşır FOTO

31 Mart 2020 12:30 (UTC+04:00)

Vətəndaşların rahat gediş-gəlişinin təmin olunması istiqamətində dövlət başçısının tapşırıq və sərəncamları əsasında, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi avtomobil yolları, küçə və prospektlərin təmiri və yenidən qurulması istiqamətində işlərini davam etdirir.

Agentlikdən SİA-ya bildirilib ki, Xırdalan şəhərində avtomobil yollarının əsaslı təmiri ilə bağlı tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamına uyğun olaraq təmir-tikinti işləri uğurla icra olunur.

Sərəncama əsasən, Xırdalan şəhərinin ümumi uzunluğu 5,4 kilometr olan Nizami Gəncəvi, Qalubiyyə, Hacı Zeynalabdin Tağıyev və Səttar Bəhlulzadə küçələrinin təmiri nəzərdə tutulurdu ki, artıq Qalubiyyə küçəsində işlər yekunlaşdırılıb, Nizami Gəncəvi küçəsində isə yekunlaşmaq üzrədir.

Ölkə başçısının sərəncamına əsasən, növbəti mərhələdə 1.5 km uzunluğa malik Hacı Zeynalabdin Tağıyev və 1.2 km uzunluğa malik Səttar Bəhlulzadə küçələrinin əsaslı təmiri nəzərdə tutulub. Bu küçələr üzrə asfaltlanacaq sahə 22.5 min kv.m-dir.

Hazırda Xırdalan şəhərinin əsas nəqliyyat arteriyası hesab olunan Heydər Əliyev prospektində isə yenidənqurma işlər davam etdirilir. Prospektin uzunluğu 5100 metrdir ki, bunun da 2700 metri 4 hərəkət zolaqlıdır.

Əsaslı təmir işləri çərçivəsində prospekt boyu köhnə asfalt-beton örtüyünün üst qatı qaşınaraq kənarlaşdırılıb, zərui olan yerlərdə yol əsasının yararsızq qruntu qazılaraq çıxarılıb, əvəzinə yararlı qrunt tökülərək kipləşdirilib. Bundan başqa mümkün ərazilərdə yolun hər iki tərəfi 2 m olmaqla genişləndirilib.

Mövcud piyada səkilərinin yenidən qurulması, zəruri olan yerlərdə yeni piyada səkilərinin tikintisi, kənarlarına isə yeni səki daşlarının düzülməsi işləri də layihə üzrə həyata keçirilən işlərdəndir.

Layihənin sonuncu mərhələsində kanalizasiya quyularının baxış qapaqları layihə hündürlüyünəı qaldırılaraq yenilənəcək, yol kənarlarına yeni yağış barmaqlıqları yerləşdiriləcək, hərəkətin normal təşkil üçün yol nişanları və məlumatverici lövhələr quraşdırılacaq, yolcizgi və yolgöstərici xətlərinin, həmçinin piyada zolaqlarının çəkilməsi işləri aparılmaqla müasir yol infrastrukturu yaradılıb vətəndaşların istifadəsinə veriləcək.