"Bu, separatçı rejimin seçki oyunundan başqa bir şey deyil" - ÖZƏL ŞƏRH

31 Mart 2020 11:56 (UTC+04:00)

“Bu gün bütün dünyada pandemiya ilə əlaqədar olaraq karantin rejimi tətbiq olunur. Bu virusun lokalizasiya olunması, inkişafının məhdulaşdırılması üçün dünya ölkələrində "Evdə qal" şüarı günbəgün artmaqdadır. İstər güc, istər cərimə, istər xoşluqla hər bir ölkənin öz siyasətindən asılı olaraq insanların evdə qalması üçün çağırışlar edilir. Bu dünyada gedən pandemiya prosesinin daha çox can almaması üçün aparılan siyasətdir. Dünya səviyyəli bir çox tədbirlərin vaxtı dəyişdirilib. Məsələn, Olimpiya Oyunları, Dünya Çempionatı kimi, bütün dünyanın maraqla gözlədiyi və maliyyə dəyərinə görə çox vacib dünya tədbirləri təxirə salınıb”. Bunu SİA-ya açıqlamasında “Resurs” Analitik İnformasiya Mərkəzinin rəhbəri, siyasi ekspert Rasim Quliyev qondarma rejimin Dağlıq Qarabağda keçirdiyi saxta seçkilərə münasibət bildirərkən deyib.

Politoloqun sözlərinə görə, belə bir zamanda hansısa oyuncaq bir rejimin seçki keçirməsinin nəyə xidmət etdiyi aydınlaşır: “Bu bir seçki oyunudur, guya seçki keçirilir, lakin Ermənistanın özündə belə bütün proseslər, hadisələr nəzarətdən çıxmaqdadır. Dünyada özünütəcrid prosesinin getdiyi, iqtisadi problemlərin yaşandığı bir vaxtda onsuz da özünün müstəqil, stabil və dayanıqlı iqtisadi siyasəti olmayan bir dövlətin böhran yaşaması qaçılmazdır. Ona görə də Dağlıq Qarabağdakı bütün bu şərtlər daxilində keçirilən seçkilər aydın məsələdir ki, oyundan başqa bir şey deyil. Əvvəla, "Dağlıq Qarabağ" rejimini legitim olaraq heç bir dövlət, hətta Ermənistanın özü belə tanımır. Əgər müstəqilliyi tanınmamış bir yerdə seçki keçirilirsə, bu seçki oradakı hakimiyyətin legitimliyini təsdiq etmək üçündür. İşğal olunmuş və dünya tərəfindən də işğal edildiyi qəbul edilmiş bir ərazidə özünün qondarma rejimini yaratmış bir hakimiyyətin seçki keçirməsi göz boyamağa çalışmaqdan başqa bir şey deyil”.

R.Quliyev vurğulayıb ki, həqiqətən də hər hansı bir ölkə indiki vəziyyətdə seçki keçirmək istəsə belə, insanları məcbur etsə də dünyada yaşanan hazırki psixologiyadan dolayı insanların kütləvi şəkildə seçkiyə gedəcəyi fikri çox absurddur: “Bütün bunlar bu seçkinin sadəcə publikaya hesablanmış bir oyun olduğunu aydın şəkildə göstərir və belə bir zamanda bu rejimin seçki keçirməsi əslində elə onların məğlubiyyətidir. Onlarda bir qədər ağıl, siyasi uzaqgörənlik olsaydı legitimlik oyunlarını tam davam etdirmək üçün bu seçkiləri təxirə salardılar. Hesab edirəm ki, məhz bu proses ermənilərin qondarma rejiminin ifşasıdır. Münhen Təhlükəsizlik Konfransında cənab prezident İlham Əlivey Paşinyanla debatında bütün dünyanın gözü qarşısında Qarabağ mövzusunda onu siyasi, tarixi, hüquqi baxımdan darmadağın etdi. O zərbədən sonra keçirlən bu qondarma seçkinin heç bir əhəmiyyəti yoxdur. Düşünürəm ki, keçirilən seçkinin sadəcə bir oyun olduğunu bütün dünyaya məhz separatçı rejimin özü elan etdi”.