"Təhlükəni birgə dəf etmək hamımızın vətəndaşlıq borcumuzdur" ÖZƏL-MÜNASİBƏT

31 Mart 2020 11:33 (UTC+04:00)

"Koronavirusa qarşı mübarizədə çox kritik mərhələyə daxil oluruq. Əgər bunun fərqində olmasaq hər birimiz öz şəxsi karantin rejimimizi elan edib özümüzü təcrid etməsək ən pis ssenari ilə üzləşə bilərik. Ona görə də bu vaxta qədər yol verdiyimiz məsuliyyətsizliyi, səhlənkarlığı bir kənara qoyub həyatımızda ciddi karantin rejimini tətbiq etdiyimiz tamamilə yeni bir səhifə açmağı bacarmalıyıq. Əks təqdirdə nəinki özümüzün, həm də yaxınlarımızın, sevdiklərimizin həyatına ciddi təhlükə yarada bilərik". Bunu SİA-ya "Yeni Azərbaycan" qəzetinin baş redaktoru, millət vəkili Hikmət Babaoğlu deyib.

Deputatın sözlərinə görə, hər birimizin müşahidə etdiyimiz və müqayisə edərək doğru nəticə çıxara biləcəyimiz dünya təcrubəsi var: "Hansı ölkələrdə karantin rejimi vətəndaşlar tərəfindən ciddi qəbul edildisə, ona riayət olundusa həmin ölkələr koronavirusa minimum itki ilə qalib gələ bildilər. Bunun əksini edənlər isə çox ağır itkilərə məruz qalmalı oldular. Bu ağır günlərdə birinci dərəcəli vatəndaşlıq borcumuz maksimum özünütəcrid etməkdir. Maksimum passiv evdəqalmadır. Bu gün passiv evdəqalma koronovirusa qarşı ən aktiv mübarizə aparmaq deməkdir. Bir müddət sonra bu təhlükə də arxada qalacaq. Sosial-ictimai həyatımızda yeni bir dövr başlayacaq və biz bu dövrü "postkorona" dövrü adlandıracağıq. Gəlin elə tədbirlər alaq k , bu dövrə yaxınlarımızla ,əzizlərimizlə birlikdə qədəm qoya bilək. Bu gün birimizin təhlükəsizliyi hər birimizin təhlükəsizliyidir. Birimizin məsuliyyətsizliyi isə hər birimiz üçün təhlükədir. Təhlükəni birgə dəf etmək hamımızın vətəndaşlıq vəzifəmiz və borcumuzdur. Evdəqal Azərbaycan .....Bu günün ən aktual çağırışı ...,"Vətəndaş evdəqal"..çağırışıdır. Evdə qalaq, bu günümüzü , gələcəyimizi xilas edək!".