"31 Mart soyqırımı zamanı on minlərlə insan qətlə yetirilib" ÖZƏL-AÇIQLAMA

31 Mart 2020 11:05 (UTC+04:00)

“31 Mart soyqırımının geniş şəkildə qeyd edilməsinə ehtiyac var. Azərbaycan tarixinə nəzər salsaq, görərik ki, demək olar ki, hər ay ermənilər tərəfindən xalqımıza qarşı bu cür qətliamlar, qırğınlar törədilib. Yanvar ayında 20 Yanvar olaylarının ildönümünü qeyd edirik. Fevralda Xocalı soyqırımı, martda isə Mart soyqırımının ildönümü yad edilir. Mart soyqırımı zamanı on minlərlə insan qətlə yetirildi. Onların içərisində azərbaycanlılarla yanaşı, digər millətlərin, eləcə də yəhudilərin də nümayəndələri var idi”. Bunu SİA-ya Yeni Azərbaycan Partiyasının İcra katibinin müavini, Milli Məclisin Regional Məsələlər komitəsinin sədri Siyavuş Novruzov deyib.

Komitə sədrinin sözlərinə görə, Mart soyqırımının izlərinə respublikamızın, demək olar ki, hər bir guşəsində rast gəlmək mümkündür: “Mart soyqırımı zamanı Bakıda, Qubada, Şamaxıda, Naxçıvanda, Lənkəranda insanların kütləvi şəkildə məhvi həyata keçirilib. Qarabağda, dədə-baba torpaqlarımız olan Qərbi Azərbaycanda yaşayan insanlarımıza qarşı da böyük vəhşiliklər törədiblər. Mart soyqırımı Xocalı soyqırımına bərabər olan, bəlkə, ondan da dəhşətli bir soyqırımı olub. Mart soyqırımına nəzər salsaq, görərik ki, bu soyqırımı bütün ölkəni əhatə edib. Qadınlara, uşaqlara, qocalara münasibətdə dəhşətli vəhşilik və amansızlıq törədilib, onlar müxtəlif işgəncələrlə, qəddarlıqla qətlə yetiriliblər.

Bildiyiniz kimi, Ümummilli Lider Heydər Əliyev həm 20 Yanvar olayları, həm Xocalı soyqırımı, həm də Mart soyqırımı ilə bağlı fərmanlar verib, onların ildönümlərinin keçirilməsi ilə bağlı qərarlar qəbul edib. Təbii ki, biz bu soyqırımlarının, erməni vəhşiliyinin ifşası ilə məşğul olmalıyıq.

Xocalı soyqırımı daha yaxın tarixdir və bununla bağlı kifayət qədər arxiv materialları var. Xocalı hadisəsinin şahidləri var. Video və audio yazılar mövcuddur. Ona görə də Xocalı ilə bağlı faktlar daha çoxdur. Lakin biz Mart soyqırımına da lazımi diqqət göstərməliyik. Mart soyqırımını dünyaya tanıtmaqla göstərməliyik ki, Xocalı soyqırımı ermənilərin Azərbaycan xalqına qarşı ilk soyqırımı deyil. Bundan öncə də xalqımıza qarşı bu cür vəhşiliklər törədilib. Biz bu cinayətlərin ifşasına nail olmalıyıq. Çalışmalıyıq ki, bir də bəşəriyyət əleyhinə, insanlıq əleyhinə bu cür cinayətlər törədilməsin. Bu gün Azərbaycan erməni yalanlarının ifşası istiqamətində sistemli iş aparır. Bunun nəticəsində artıq dünya erməni yalanlarına inanmır”.