Soyqırımı Azərbaycanın müstəqilliyinin asanlıqla qazanılmadığını göstərir - AÇIQLAMA

31 Mart 2020 09:55 (UTC+04:00)

“1918-ci ilin mart ayında erməni daşnak-bolşevik dəstələri tərəfindən Azərbaycanlılara qarşı həyata keçirilən soyqırımı tariximizin ən qanlı səhifələrindən biridir. Bu soyqırımı zamanı minlərlə azərbaycanlı - yaşlı, qadın və uşaq olmalarından asılı olmayaraq vəhşicəsinə qətlə yetirilib, bütün əmlakları və evləri talan edilib, məscidlər, məktəblər yandırılıb. Ölkənin müxtəlif bölgələrindəki yüzlərlə kənd tamamilə dağıdılıb”. SİA-nın məlumatına görə, bunu açıqlamasında Türkiyənin Azərbaycandakı səfirliyinin mətbuat müşaviri Hüseyin Altınalan deyib.

Diplomatın sözlərinə görə, bu qırğınlar yalnız Bakı ilə məhdudlaşmamış, Şamaxı, Quba, Qarabağ, Naxçıvan kimi bir çox şəhər və bölgələrdə də həyata keçirilib: “Mart ayında başlayan bu qırğınlar Osmanlı Dövlətinin Müharibə Naziri Ənvər Paşanın əmri ilə qurulan Qafqaz İslam Ordusunun Azərbaycana gələrək ölkəni erməni dəstələrindən təmizləsi ilə başa çatıb. Bu vaxt Qafqaz İslam Ordusu da çox sayda şəhid verib”.

H.Altınalan vurğulayıb ki, 20 Yanvar qətliamı, Xocalı və 31 Mart soyqırımıları bir ölkənin müstəqilliyinin asanlıqla qazanılmadığını və bunun üçün minlərlə insanın qurban verildiyini göstərir: “Buna görə müstəqilliyin çox qiymətli olduğunu unutmamalı və bu həqiqəti yeni nəsillərə çatdırmalıyıq və dünyaya deməliyik ki, Azərbaycan ərazisinin 20 faizi hələ də erməni işğalı altındadır. Azərbaycan türklərinə qarşı etnik təmizləmədə həyatını itirənlərə Allahdan rəhmət diləyir, erməni cinayətkarlarını isə lənətləyirik. Ölkələrimizin müstəqilliyi uğrunda canından keçən atalarımıza dərin hörmətlə anırıq”.